Sunday, July 20, 2014

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu

     Ötən yazıdan yadımıza salaq ki, barokko dövrü bir çox yenilikləri ilə musiqi, eləcə də mədəniyyət tarixinə əvəzedilməz töhfələr verdi. Sonata, süita, oratoriya və başqa bir çox sanballı musiqi növlərinin təşəkkül tapıb geniş yayılmasından tutmuş piano-forte texnikasına, musiqi strukturundakı novator dəyişikliklərdən tutmuş tonallığın kəşfinə qədər müxtəlif üslub xüsusiyyətlərinin meydana çıxması məhz bu dövrlə bağlıdır.



 
     Bütün  bu dəyişikliklər bir-birlərinə  paralel şəkildə həyata keçdi və nəticədə barokko dövrünün təşəkkül tapmasına səbəb oldu. Köhnə qaydalardan və polifonik “monotonluq”dan xilas olma meylləri yeni tərz və qaydalar ənənəsini yaratmaq zəruriyyətini doğurdu. Bu da kadanslar (ritmlər) və ya harmonik arxa plan müşayiəti altında təbii şəkildə ifa edilən melodiyaların yaranmasına səbəb oldu. Bu harmoniyalar özü  ilə bərabər “sequence”i (ardıcıllıq, zəncirləmə) gətirdi və bütün bu harmonik inkişaf nümunələri digər yandan ritmik inkişaf istiqamətinin yaranmasına təkan verdi. Bas partiyalar Orta Avropa rəqs musiqisinin tipik ritmləri ilə qaynayıb-qarışdı və bütün bunlar barokko musiqisini “barokko musiqisi” etdi.
     Barokko dönəmində musiqi, müasir musiqi dilinin (təsvirinin) inkişafında, şübhəsiz, ən önəmli qığılcım rolu oynayıb. Bu 150 illik bir tarixi dövr ərzində musiqi formaları dəyişib inkişaf etdikcə, bir yandan da özündən sonrasının və bu günün musiqi standartlarını müəyyən etməyə başlayıb. Bu mənada tonallıq və akkord tonlaşdırılması çox böyük önəm daşıyır. Bir başqa önəmli xüsusiyyət isə musiqinin bu dönəmdə universal bir dil xarakteri almağa başlaması, millilikdən çıxıb bütün Avropa və dünyaya səslənməsidir.

Barokko ilə bağlı maraqlı məqamlar


     Tanınmış bolqar psixoloqu Dr. Georgi Lozanov dəqiqədə təqribən 60 zərbəlik bir tempi olan musiqinin köməyilə xarici dil öyrənmə metodikasında bir üsul inkişaf etdirib. İştirakçıların öyrənməsi gözləniləndən də qısa müddət çəkib. Müəyyən bir dövr ərzində öyrədiləcək sözlərin və ifadələrin yarısı (1000-ə yaxın söz və ifadə) sadəcə bir gündə öyrədilib. Bununla yanaşı, iştirakçıların öyrəndikləri məlumatları yaddaşlarında saxlama faizi orta hesabla 92% olub!
     Dr. Lozanov bu nəticələr əsasında, müəyyən barokko musiqi parçalarından istifadə edərək xarici dillərin 85-100% səmərə ilə normal öyrənmə müddəti olan 2 il əvəzinə, 30 gün ərzində öyrədilə biləcəyini sübuta yetirmiş oldu. Barokko musiqisinin müşayiəti altında öyrənən iştirakçılar dörd il boyunca istifadə etməsələr belə, 100% nəticə ilə öyrəndikləri dili xatırlaya bilmişdilər!

     Minlərlə tələbəsi olan “The Center for New Discoveries in Learning” illərdən bəri həm dərslərdə, həm də şagirdlərin dərs hazırlığında musiqinin istifadə edilməsini araşdırır. Motsart və müəyyən barokko musiqi əsərlərindən (dəqiqədə 60 zərbəlik templərlə qeyd edilənlər) istifadə edən şagirdlərin daha sakin olduqları, daha uzun müddət hazırlaşa bildikləri, öyrəndiklərini daha uzun müddət yadda saxlaya bildikləri və müəllimlərindən öyrəndikləri qədər yaxşı nəticələr göstərdikləri ortaya çıxıb.

     Düzgün tempdə qeyd edilmiş bu xüsusi musiqi parçaları ən yüksək öyrənmə/xatırlama effektinin əldə edilməsi üçün beynin sağ və sol paylarını hərəkətə gətirir. Musiqi beynin sağ payını hərəkətə gətirdiyi kimi, şagirdin oxuduğu ya da səsli söylədiyi sözlər sol payı hərəkətə gətirir. Araşdırmaya görə bu da öyrənmə potensialını ən azı beş dəfə artırır.
Qulağımız nizamlı şəkildə, saniyədə bir zərbəlik barokko musiqisini eşitdiyi zaman, ürəyimiz də bu tempə uyğun olaraq nizamlı şəkildə döyünür. Bu rahat və eyni zamanda, gümrah durumda olduğu zaman beynimiz daha asan konsantrə ola bilir. Musiqi fizioloji vəziyyətimizi lazımi şəkildə təmin edir və ona önəmli miqyasda təsir göstərir. Ağır zehni əmək tələb edən işlərdə nəbzimiz və qan təzyiqimiz artır və ümumiyyətlə, bu vəziyyətdə ikən konsantrə olmaq daha çətin olur. Barokko və Motsart musiqilərindən templəri nəzərə alınaraq xüsusi seçilmiş olan bəzi əsərlər qan təzyiqini və nəbzi aşağı saldığı kimi, eyni zamanda öyrənmə qabiliyyətini də artırır. Hazırlıq vaxtı, iş yerində ya da maşın sürərkən Motsart, Vivaldi, Pahelbel, Hendel və Bax kimi bəstəkarların musiqisini dinləməyin az öncə qeyd edilənlər qədər yararları var.

     Qərbdə klassik musiqi çevrilişini, musiqinin ictimai mənada dövriyyəyə daxil olmasının onu aristokratiyanın hegemoniyasından necə çıxardığını göstərən ən gözəl örnək 18-ci yüzillik, məlum olduğu kimi, Avropa musiqisinin barokko əsridir. Hendel, Haydn, Motsart, Bax kimi barokko musiqisinin böyük ustaları məhz bu yüzillikdə öz ölməz əsərlərini dünyaya bəşx ediblər. Amma barokko musiqisi feodal aristokratiyasına məxsus fəaliyyət sahəsi kimi qalır bu yüzillik boyunca... Uerner Ştarkın “Biliyin Sosiologiyası” əsərində qeyd etdiyi kimi, Haydn Esterazi qrafı üçün musiqi bəstələməkdə, bu musiqi Esterazi qalasında, ona aid olan xüsusi məkanda ifa edilməkdədir (Haydn yeməyini bu qalada Esterazi qrafının uşaqları ilə birlikdə yeməkdədir!). Klassik musiqi ictimai mənada dövriyyə daxil olmayıb hələ. Bu, yalnız 19-cu yüzillikdə gerçəkləşəcəkdi və məsələn, Beethovenin musiqisi ictimaiyyətə açıq yerlərdə, məhz bu yüzillikdə ifa edilməyə başlayacaqdı.

Salon və musiqi tandemi:

     Y.S.Bax dönəmindəki bəstəkarlar kilsələrdə, bələdiyyə və saraylarda, və ya bir opera səhnəsində fəaliyyət göstərirdilər. Bu yerlərin ortaq özəlliyi kiçik olmaları idi. Ümumiyyətlə, bu tikililər düzbucaqlı formasında olduğundan buna uyğun əks-səda doğurma xüsusiyyətinə malik idi. Bu akustik məkanlardakı əks-səda müddəti qısadır. Belə məkanda ifa olunan musiqi çox parlaq, ancaq səslərin dolğunluğu az olur. Klassik dönəmdə yəni, Haydn, Motsart, Beethovenin dövründə orkestr 40-a yaxın ifaçıdan ibarət olurdu. Simli, ağac nəfəsli, metal nəfəsli, zərb alətlərdən istifadə olunurdu. O zamankı konsert salonları indikilərdən kiçik idi. Dinləyicilər isə 300-400 nəfərə qədərdi. Araşdırmalara görə, bu salonlar ağzına qədər dolu olduğu zaman əks-səda müddəti 1,5 saniyə olur. 19-cu yüzillikdə daha böyük yerlər inşa edildi və müddət 1,5-1,8 saniyə aralığına çatdı. Bu gün klassik dövr musiqiçiləri üçün ən yaxşı əks-səda müddəti 1,5-1,7 saniyə arası qəbul edilir.
Romantik dövr daha fərdi xarakter daşıyır. Bəstəkarın hisslərinin təsviri daha önəmlidir. Brams, Vaqner, Çaykovski, Debüssi kimi bəstəkarların dövrüdür. Daha dolğun səslərə və daha uzun əks-sədalara ehtiyac duyulur. Bu gün romantik musiqilər üçün əks-səda müddəti 1,9-2,2 saniyə arası qəbul edilir.


Klassik dönəm (1750-1830)

     Xüsusilə musiqidə olmaqla, bir çox sahələrdə tez-tez işlədilən “klassik” termini, ölkələrə və dövrlərə görə müxtəlif mənalar daşıyır. “Klassik” musiqi “populyar” və ya “yüngül” adlandırılan musiqilərin əleyhdarı kimi də nəzərdən keçirilə bilər. Bu halda klassik musiqi anlayışı Perotindən (təxminən 1200-cü illər) Pyer Bulezin davamçılarına qədər (XX yüzilliyin sonu) bütün yüksək (və ya ciddi) Avropa musiqisini özündə ehtiva edir. Bu nöqteyi-nəzərdən çıxış etsək, (Avropadan xaric musiqilərin əksinə) “klassik” musiqi ilə “çağdaş” musiqi paralelləri aparıla bilər. Bu zaman çağdaş musiqinin başlanğıcı Debüssidən və ya Bulezdən hesablana bilər. Eyni şəkildə də, klassik musiqi romantik musiqidən, barokko musiqisindən, Renessans dövrü musiqisindən və orta əsrlər musiqisindən ayrılır. Baxmayaraq ki, Jan Batist Lülli və Jan Filipp Ramonun Versal klassizmi ilə Haydn, Motsart və Beethovenin Vyana klassizmi nə zaman, nə texnika, nə də estetika baxımından bir-biri ilə qarşılaşdırıla bilməz. Hətta bunların birindən digərinə keçid çox önəmli bir mədəniyyət hadisəsi olan “Təlxəklər müharibəsi”ni (1752-ci ildə, Fransız musiqisi ilə İtaliya musiqisi tərəfdarları arasında Parisdə ortaya çıxan sənət savaşı) simvolizə edir.
     Ədəbiyyatda olduğu kimi musiqidə də “klassik” termininin istifadəsi çox qədim deyil (1800-cü illərin əvvəlləri) və “romantik” terminindən daha sonra istifadə edildiyi dəqiqdir. Son olaraq buna da diqqət yetirək ki, Götedən etibarən, yəni 19-cu yüzilliyin əvvəllərindən bəri musiqidəki klassizm-romantizm ziddiyəti beyinləri, xüsusilə də yazarların beynini çox məşğul edib.

Qeyd: Klassik musiqinin barokko musiqisindən necə ayrıldığı və “Vyana klassizmi”nin ən xarakterik xüsusiyyətləri ilə növbəti yazıda tanış ola bilərsiniz.


Əsərlərlə tanışlıq:


Y.S.Bax          “Air”

                       “BWV” tokkatası re minor

              İkiqat konsert



Y. Haydn        “London” simfoniyası
                        Serenada (Andante cantabile)
                       “Dünyanın yaranması” oratoriyası



V.A.Motsart    “Sehrli fleyta” operası

                        40 N-li simfoniya

                        “Türk marşı”


1 comment: