Ötən
yazıdan yadımıza salaq ki, barokko dövrü bir çox yenilikləri ilə musiqi, eləcə
də mədəniyyət tarixinə əvəzedilməz töhfələr verdi. Sonata, süita, oratoriya və
başqa bir çox sanballı musiqi növlərinin təşəkkül tapıb geniş yayılmasından
tutmuş piano-forte texnikasına, musiqi strukturundakı novator dəyişikliklərdən
tutmuş tonallığın kəşfinə qədər müxtəlif üslub xüsusiyyətlərinin meydana
çıxması məhz bu dövrlə bağlıdır.
Bütün bu dəyişikliklər bir-birlərinə paralel şəkildə həyata keçdi və nəticədə
barokko dövrünün təşəkkül tapmasına səbəb oldu. Köhnə qaydalardan və polifonik “monotonluq”dan
xilas olma meylləri yeni tərz və qaydalar ənənəsini yaratmaq zəruriyyətini
doğurdu. Bu da kadanslar (ritmlər) və ya harmonik arxa plan müşayiəti altında təbii
şəkildə ifa edilən melodiyaların yaranmasına səbəb oldu. Bu harmoniyalar özü ilə bərabər “sequence”i (ardıcıllıq, zəncirləmə) gətirdi və bütün bu harmonik inkişaf nümunələri
digər yandan ritmik inkişaf istiqamətinin yaranmasına təkan verdi. Bas
partiyalar Orta Avropa rəqs musiqisinin tipik ritmləri ilə qaynayıb-qarışdı və
bütün bunlar barokko musiqisini “barokko musiqisi” etdi.
Barokko
dönəmində musiqi, müasir musiqi dilinin (təsvirinin) inkişafında, şübhəsiz, ən
önəmli qığılcım rolu oynayıb. Bu 150 illik bir tarixi dövr ərzində musiqi
formaları dəyişib inkişaf etdikcə, bir yandan da özündən sonrasının və bu günün
musiqi standartlarını müəyyən etməyə başlayıb. Bu mənada tonallıq və akkord tonlaşdırılması
çox böyük önəm daşıyır. Bir başqa önəmli xüsusiyyət isə musiqinin bu dönəmdə universal
bir dil xarakteri almağa başlaması, millilikdən çıxıb bütün Avropa və dünyaya səslənməsidir.
Barokko
ilə bağlı maraqlı məqamlar
Tanınmış
bolqar psixoloqu Dr. Georgi Lozanov dəqiqədə təqribən 60 zərbəlik bir tempi olan
musiqinin köməyilə xarici dil öyrənmə metodikasında bir üsul inkişaf etdirib. İştirakçıların
öyrənməsi gözləniləndən də qısa müddət çəkib. Müəyyən bir dövr ərzində öyrədiləcək
sözlərin və ifadələrin yarısı (1000-ə yaxın söz və ifadə) sadəcə bir gündə öyrədilib.
Bununla yanaşı, iştirakçıların öyrəndikləri məlumatları yaddaşlarında saxlama
faizi orta hesabla 92% olub!
Dr.
Lozanov bu nəticələr əsasında, müəyyən barokko musiqi parçalarından istifadə edərək
xarici dillərin 85-100% səmərə ilə normal öyrənmə müddəti olan 2 il əvəzinə, 30
gün ərzində öyrədilə biləcəyini sübuta yetirmiş oldu. Barokko musiqisinin
müşayiəti altında öyrənən iştirakçılar dörd il boyunca istifadə etməsələr belə,
100% nəticə ilə öyrəndikləri dili xatırlaya bilmişdilər!
Minlərlə
tələbəsi olan “The Center for New Discoveries in Learning” illərdən bəri həm dərslərdə,
həm də şagirdlərin dərs hazırlığında musiqinin istifadə edilməsini araşdırır. Motsart
və müəyyən barokko musiqi əsərlərindən (dəqiqədə 60 zərbəlik templərlə qeyd
edilənlər) istifadə edən şagirdlərin daha sakin olduqları, daha uzun müddət hazırlaşa
bildikləri, öyrəndiklərini daha uzun müddət yadda saxlaya bildikləri və müəllimlərindən
öyrəndikləri qədər yaxşı nəticələr göstərdikləri ortaya çıxıb.
Düzgün
tempdə qeyd edilmiş bu xüsusi musiqi parçaları ən yüksək öyrənmə/xatırlama
effektinin əldə edilməsi üçün beynin sağ və sol paylarını hərəkətə gətirir. Musiqi
beynin sağ payını hərəkətə gətirdiyi kimi, şagirdin oxuduğu ya da səsli söylədiyi
sözlər sol payı hərəkətə gətirir. Araşdırmaya görə bu da öyrənmə potensialını ən
azı beş dəfə artırır.
Qulağımız
nizamlı şəkildə, saniyədə bir zərbəlik barokko musiqisini eşitdiyi zaman, ürəyimiz
də bu tempə uyğun olaraq nizamlı şəkildə döyünür. Bu rahat və eyni zamanda,
gümrah durumda olduğu zaman beynimiz daha asan konsantrə ola bilir. Musiqi
fizioloji vəziyyətimizi lazımi şəkildə təmin edir və ona önəmli miqyasda təsir
göstərir. Ağır zehni əmək tələb edən işlərdə nəbzimiz və qan təzyiqimiz artır və
ümumiyyətlə, bu vəziyyətdə ikən konsantrə olmaq daha çətin olur. Barokko və
Motsart musiqilərindən templəri nəzərə alınaraq xüsusi seçilmiş olan bəzi əsərlər
qan təzyiqini və nəbzi aşağı saldığı kimi, eyni zamanda öyrənmə qabiliyyətini də
artırır. Hazırlıq vaxtı, iş yerində ya da maşın sürərkən Motsart, Vivaldi,
Pahelbel, Hendel və Bax kimi bəstəkarların musiqisini dinləməyin az öncə qeyd edilənlər
qədər yararları var.
Qərbdə
klassik musiqi çevrilişini, musiqinin ictimai mənada dövriyyəyə daxil olmasının
onu aristokratiyanın hegemoniyasından necə çıxardığını göstərən ən gözəl örnək
18-ci yüzillik, məlum olduğu kimi, Avropa musiqisinin barokko əsridir. Hendel,
Haydn, Motsart, Bax kimi barokko musiqisinin böyük ustaları məhz bu yüzillikdə öz
ölməz əsərlərini dünyaya bəşx ediblər. Amma barokko musiqisi feodal
aristokratiyasına məxsus fəaliyyət sahəsi kimi qalır bu yüzillik boyunca... Uerner
Ştarkın “Biliyin Sosiologiyası” əsərində qeyd etdiyi kimi, Haydn Esterazi qrafı
üçün musiqi bəstələməkdə, bu musiqi Esterazi qalasında, ona aid olan xüsusi məkanda
ifa edilməkdədir (Haydn yeməyini bu qalada Esterazi qrafının uşaqları ilə
birlikdə yeməkdədir!). Klassik musiqi ictimai mənada dövriyyə daxil olmayıb hələ.
Bu, yalnız 19-cu yüzillikdə gerçəkləşəcəkdi və məsələn, Beethovenin musiqisi ictimaiyyətə
açıq yerlərdə, məhz bu yüzillikdə ifa edilməyə başlayacaqdı.
Salon və musiqi tandemi:
Y.S.Bax
dönəmindəki bəstəkarlar kilsələrdə, bələdiyyə və saraylarda, və ya bir opera səhnəsində
fəaliyyət göstərirdilər. Bu yerlərin ortaq özəlliyi kiçik olmaları idi. Ümumiyyətlə,
bu tikililər düzbucaqlı formasında olduğundan buna uyğun əks-səda doğurma xüsusiyyətinə
malik idi. Bu akustik məkanlardakı əks-səda müddəti qısadır. Belə məkanda ifa
olunan musiqi çox parlaq, ancaq səslərin dolğunluğu az olur. Klassik dönəmdə yəni,
Haydn, Motsart, Beethovenin dövründə orkestr 40-a yaxın ifaçıdan ibarət olurdu.
Simli, ağac nəfəsli, metal nəfəsli, zərb alətlərdən istifadə olunurdu. O
zamankı konsert salonları indikilərdən kiçik idi. Dinləyicilər isə 300-400 nəfərə
qədərdi. Araşdırmalara görə, bu salonlar ağzına qədər dolu olduğu zaman əks-səda
müddəti 1,5 saniyə olur. 19-cu yüzillikdə daha böyük yerlər inşa edildi və müddət
1,5-1,8 saniyə aralığına çatdı. Bu gün klassik dövr musiqiçiləri üçün ən yaxşı əks-səda
müddəti 1,5-1,7 saniyə arası qəbul edilir.
Romantik
dövr daha fərdi xarakter daşıyır. Bəstəkarın hisslərinin təsviri daha önəmlidir.
Brams, Vaqner, Çaykovski, Debüssi kimi bəstəkarların dövrüdür. Daha dolğun səslərə
və daha uzun əks-sədalara ehtiyac duyulur. Bu gün romantik musiqilər üçün əks-səda
müddəti 1,9-2,2 saniyə arası qəbul edilir.
Klassik
dönəm (1750-1830)
Xüsusilə
musiqidə olmaqla, bir çox sahələrdə tez-tez işlədilən “klassik” termini, ölkələrə
və dövrlərə görə müxtəlif mənalar daşıyır. “Klassik” musiqi “populyar” və ya “yüngül”
adlandırılan musiqilərin əleyhdarı kimi də nəzərdən keçirilə bilər. Bu halda klassik
musiqi anlayışı Perotindən (təxminən 1200-cü illər) Pyer Bulezin davamçılarına
qədər (XX yüzilliyin sonu) bütün yüksək (və ya ciddi) Avropa musiqisini özündə
ehtiva edir. Bu nöqteyi-nəzərdən çıxış etsək, (Avropadan xaric musiqilərin əksinə)
“klassik” musiqi ilə “çağdaş” musiqi paralelləri aparıla bilər. Bu zaman çağdaş
musiqinin başlanğıcı Debüssidən və ya Bulezdən hesablana bilər. Eyni şəkildə də,
klassik musiqi romantik musiqidən, barokko musiqisindən, Renessans dövrü
musiqisindən və orta əsrlər musiqisindən ayrılır. Baxmayaraq ki, Jan Batist
Lülli və Jan Filipp Ramonun Versal klassizmi ilə Haydn, Motsart və Beethovenin
Vyana klassizmi nə zaman, nə texnika, nə də estetika baxımından bir-biri ilə
qarşılaşdırıla bilməz. Hətta bunların birindən digərinə keçid çox önəmli bir mədəniyyət
hadisəsi olan “Təlxəklər müharibəsi”ni (1752-ci ildə, Fransız musiqisi ilə
İtaliya musiqisi tərəfdarları arasında Parisdə ortaya çıxan sənət savaşı) simvolizə
edir.
Ədəbiyyatda
olduğu kimi musiqidə də “klassik” termininin istifadəsi çox qədim deyil
(1800-cü illərin əvvəlləri) və “romantik” terminindən daha sonra istifadə
edildiyi dəqiqdir. Son olaraq buna da diqqət yetirək ki, Götedən etibarən, yəni
19-cu yüzilliyin əvvəllərindən bəri musiqidəki klassizm-romantizm ziddiyəti beyinləri,
xüsusilə də yazarların beynini çox məşğul edib.
Qeyd: Klassik musiqinin barokko musiqisindən necə ayrıldığı
və “Vyana klassizmi”nin ən xarakterik xüsusiyyətləri ilə növbəti yazıda tanış
ola bilərsiniz.
Əsərlərlə
tanışlıq:
Y.S.Bax –
“Air”
“BWV” tokkatası re minor
İkiqat
konsert
Y. Haydn –
“London” simfoniyası
Serenada (Andante cantabile)
“Dünyanın yaranması” oratoriyası
V.A.Motsart –
“Sehrli fleyta” operası
40 N-li simfoniya
“Türk marşı”
This comment has been removed by the author.
ReplyDelete