Wednesday, July 23, 2014

Klassik Qərb musiqisi: İntibahın sabahı


Klassik musiqi dövrləri deyildiyi zaman yada ilk olaraq barokko dövrü, klassik dövr, romantik dövr və bundan sonra gələn modern dövr düşür. Gəlin, Renessans (İntibah) dövründən sonra musiqinin gedişatını böyük miqyasda dəyişdirən bu dönəmləri daha yaxından tanımağa başlayaq. 


Barokko dönəmi (1600-1750)

     Barokko dönəmi 1600-1750-ci illər arası İtaliyadakı opera təcrübələri ilə başlayıb, Yohan Sebastyan Baxın ölümüylə sona çatıb və bütün musiqi janrlarında günümüzə qədər öz əhəmiyyətini saxlayan dəyişikliklərin ortaya çıxmasına səbəb olub.

     Barokko musiqisi müəyyən bir dövrün adı olmaqla yanaşı, memarlıq başda olmaqla digər bir çox kateqoriyada da dəyərləndirilə bilər. “Barokko” termini portuqalca “barocco” (düzgün forması olmayan inci) sözündən götürülüb. Memarlıqda, dəniz balıqqulaqlarına bənzər bəzək əşyalarından meydana gələn, 17-ci yüzillikdə, qismən də 18-ci yüzillikdə Avropanın, xüsusilə də katolik ölkələrinə (İtaliya, İspaniya, Portuqaliya, Avstriya, Almaniyanın cənubu, Belçika) və Latın Amerikasına yayılan üslub kimi tarixə düşüb. Barokko termini yalnız 17-ci yüzillikdəki axını təsvir edən ümumi anlayış kimi dəyərləndirilməyib, həm də Helenizm və Qotika dövrünün sonrakı dönəmlərdə bəzi əlamətlərin izah edilməsində də istifadə olunub. Furyerin 1690-cı ildə hazırladığı fransız dilinin ilk izahlı lüğətinə görə “barokko”, “tam yuvarlaq olmayan inciləri təsvir etmək üçün istifadə edilən bir zərgərlik terminidir”. Sen-Simon 1711-ci ildə “qəribə və narahat edici bir düşüncə”ni anlatmaq üçün “barokko” sözündən istifadə edib. Fransa Akademiyasının lüğəti də 1694-cü ildəki ilk nəşri zamanı Furyerin yanaşmasını olduğu kimi mənimsəyib. 1740-cı ildəki nəşr isə məcazi mənanı mənimsəyirdi: nizamsız, qəribə, bərabər olmayan. Jan Jak Russoya görə “barokko musiqisi harmoniyanın açıq-saçıq olmadığı, modulyasiya və uyğunsuzluqlarla dolu, intonasiyaları güclü və hərəkəti çətin olan musiqidir”.

     Barokko musiqisinin digər sənət növləri ilə bağlı ilk təyinatına isə 1788-ci ildə “Encyclopedie methodique” nəşrində rast gəlinir:

     “Memarlıqda barokko qəribəliyin bir əlamətidir”. Belə anlaşılırdı ki, bu ad həmin dövrün başlanğıcında rəsm və heykəltaraşlıq təcrübələrindəki dəyişikliklərə göstərilən heyrətamiz reaksiya nəticəsində ortaya çıxıb.

     Renessans dövrü bütün sənət növlərində sadəlik, təmizlik və saflıq impulslarını gücləndirməsinə və duyğuları daha yumşaq izahatla təsvir etməsinə baxmayaraq, xüsusilə də musiqi sahəsində davamlı olaraq rast gəlinən tək səviyyəlilik, monotonluq səbəbindən getdikcə cansıxıcı olmağa başlamışdı. O qədər ki, Renessans dövrü bəstələrinin ən diqqətə çarpan xüsusiyyəti alətlərin əsəri eyni anda başlayıb, eyni anda bitirmələri kimi izah edilə bilər.

     Barokko dönəminin gəlişi ilə musiqi tarixi ilk dəfə olaraq “kontrast” anlayışı ilə tanış olur. Eyni mövqeləri paylaşan musiqi alətləri əsərdə bir-birləri ilə savaşarcasına, bir-birləri ilə ziddiyyət təşkil edərək yer almağa başlayır. Klassik dövr sənətçiləri də, hər nə qədər barokko dövrü əsərlərini qarışıq, bəzəkli, zövqsüz və şişirdilmiş adlandırsalar və “barokko” kəliməsindən alçaldıcı mənada istifadə etsələr də, özlərinin istifadə etdikləri və bu günə qədər davam edən bir çox harmoniya qaydalarını həmin dövrün ustalarından öyrənib və bəzən hətta onları təkrarlayıblar. 150 ilə yaxın bir müddəti əhatə edən barokko cərəyanı bəzi musiqi tarixçilərinə görə 2, bəzilərinə görə isə 3 mərhələli bir dönəmdir. Fəqət hər kəsin qəbul etdiyi ortaq fikir isə barokko axının son mərhələsi olan “yetkin barokko” dövrünün Yohan Sebastyan Baxın təsiri altında keçməsi faktıdır.

     Barokko musiqisinin quruluşunda ən nəzərə çarpan xüsusiyyət, musiqidə ilk dəfə olaraq “kontrastlar”dan istifadə edilməsi olub və bununla birlikdə də konsertlər dövrü başlayıb. Musiqili ifadəni gücləndirmək üçün istifadə olunan səs səviyyəsinin alçalıb-yüksəlməsi, barokko dövründə kəşf edilən və inkişaf etdirilən musiqi işarələri ilə başlayıb. Orta əsrlər və İntibah dövründə səsin yüksəkliyi həmişə eyni səviyyədə olurdu. Barokko dövründə “piano – alçaq” və “forte – güclü” səs terminləri ilə əsərlərdə səs yüksəkliyinin önəmi və rəngarəngliyi hiss edilməyə başlayır.

     Barokko dönəminin digər bir yeniliyi isə bu dövrə qədər olan musiqi strukturunda yer almayan və əsərin başqa bir hissəyə keçəcəyini və ya bitdiyini bildirən bir əlamətdən istifadə edilməsidir. Əsərlərdə keçidlər və sonluqlar daha güclü yer almağa başlayır.

     Ziddiyyətlər üzərində qurulan barokko musiqisində ritmik strukturda da önəmli inkişaf meylləri ortaya çıxır. İntibah dövründən barokko musiqisinə sıçrayıb keçən “mətnə bağlı” musiqi izahının yerini danışıq dilindəki vurğuların şişirdilməsi tutur. Barokko dönəmində ortaya çıxan opera və kantatalar bu gün də eyni qaydaya əməl olunaraq şişirdilmiş şəkildə səsləndirilir. Barokko dövründə instrumental musiqi də böyük bir inkişaf yolu keçir. Yalnız alətlər üçün bəstələnən əsərlər çoxalır. Səs musiqisi ilə intrumental musiqinin birləşdirilməsi təcrübəsi də barokko dönəmində cücərib boy atıb. Müşayiət funksiyası daşıyan bas alətləri və insan səsi birləşir. Ziddiyyət yaratmaq məqsədilə, həmin alətlər bir səviyyədə qaldığı halda, vokal hərəkətli və naz-qəmzəli davranır.

     16-cı yüzilliyin sona çatmasıyla birlikdə italiyalı bəstəkarlar “madriqal” adı verdikləri, şeirlər üzərində yazdıqları çoxsəsli əsərlər yaratmağa təkan verdilər. Monteverdinin opera əsərləri və madriqalları barokko dönəminin ilk dövrlərinin kuliminasiya nöqtəsi olub və özündən sonra gələn musiqiyə liderlik edib. Dini mövzu üzərində qurulan dramatik əsərlər olan oratoriyalar, öz kökünü Romadan götürüb. Avropaya yayılması isə alman-ingilis bəstəkarı Georg Friderik Hendel sayəsində mümkün olub. Bu günə qədər gəlmiş-keçmiş ən önəmli oratoriya olan “Məsih” oratoriyası G.F.Hendel tərəfindən İngiltərədə bəstələnib (1741).

     Sonata barokko dönəminin ilk vaxtlarında “zühur etmiş” başqa bir musiqi tərzidir. İtaliyada sonata yavaş və sürətli rəqs parçalarından ibarət olan əsər və ya yavaş-sürətli kontrastları ilə inkişaf edən əsərlərə deyilir (daha sonra bu tərz kilsələrdə istifadə edildi). Arkancelo Korelli kimi hər iki növdə də musiqi yaradan bəstəkarlar olub. İtaliyadan kənarda “süita” adı verilən rəqs mahnıları yaradılmağa başlandı. Süitalar da nəhəng bir tarixi inkişafın müjdəçisi olsalar da, sonatalar qədər önəmli bir yol qət edə bilmədilər. Süitalar kantatalarda olduğu kimi yeganə bir çıxış nöqtəsindən başlayaraq iki və ya üç hissəli formaya çatırdı (məsələn, Domeniko Skarlattinin piano sonataları kimi). Eynilə, Baxın bəstələdiyi çox formalı əsərlər kimi.

     İlk sonatalar ya təkcə bir alət, ya da kiçik bir qrup üçün yazılırdı. 17-ci yüzilliyin sonlarına doğru (barokko dövrünün ortaları) bu sonata forması “concerto grosso” şəklinə düşdü. Solist qrup isə adətən “concertino” (iki skripka və continuo) olurdu. Daha sonra isə “concerto” vəziyyətinə keçdi. Baxın “Brandenburq konsertləri” “concerto grosso” stilinin bu dönəmdəki şübhəsiz, ən yaxşı nümunələrindən biridir. Bundan başqa ən az Baxda olduğu qədər, Antonio Vivaldinin solo konsertləri də bu dönəmin ən önəmli modellərindəndir.

     Sonata, konsert və vokal formaları inkişafının ortalarında, barokko dövrünün başqa bir önəmli xüsusiyyəti ortaya çıxmağa başladı: Tonallıq. 16-cı yüzilliyin ortalarında köhnə kilsə dəbləri yeni “açar əlaqələri”  (söhbət musiqi açarından gedir) konsepsiyası ilə yerini dəyişdirməyə başladı. Barokko dönəmi ilə birlikdə bəstəkarlar bir açardan digərinə keçməyə başlamışdı. O dövrün xromatik musiqisini yaratmağa başlamışdılar.

     Vaxt keçdikcə, açarlar arasındakı əlaqə və keçidlər bir sistem halına düşdü. Baxın “Mükəmməl temporasiyalı klavir” (Well-tempered clavier) adlı əsəri bu əlaqəni anlamaq üçün yaxşı bir nümunədir. Yeri gəlmişkən, bu əsər barokkoya məxsus başqa iki önəmli strukturu da özündə ehtiva edir: prelüd və fuqa.

     Barokko dövrünün ən əsas alətləri klavesin və harpsikord sayılır. Bu alətlər səslərin zəif və ya qüvvətli çıxmasına imkan verməyən struktura malikdir. Halbuki barokko dövründə inkişaf edən, musiqi təsvirini gücləndirən musiqi simvolları və o dönəmdə ehtiyac duyulan zəif və qüvvətli ifalar önəmli bir ünsür halını almışdı.

     Barokko dönəmində icad edilməsinə baxmayaraq, o dövr bəstəkarları piano üçün əsər yazmayıblar. Klavesinlə müqayisədə cılız bir səsə və sərt klavişlərə sahib olan pianoya ilk əsər bəxş edən bəstəkar Mutsio Klementidir. 1773-cü ildə hələ 18 yaşında ikən piano üçün üç sonata yazaraq bu aləti populyarlaşdırıb. Bax kimi ünlü barokko bəstəkarlarının bu gün də pianoda çalınan əsərləri əslində piano üçün yazılmayıb. Dolayısı ilə, “piano” və “forte” kimi nüanslar və “staccato” kimi ifa texnikalarının heç biri əsərlərin orijinalında yoxdur və ya çox azdır.


Qeyd: Növbəti yazıda barokko musiqisinin davamı və klassik dövr musiqisinin xülasəsi ilə yaxından tanış olacağıq.


Əsərlərlə tanışlıq:

Y.S.Bax – “Brandenburq konsertləri”
                “Matfey” əzabları”
                “Qəhvə” kantatası

G.F.Hendel – “Yuli Sezar” operası
                      “Fişəng musiqisi”
                      “Məsih” oratoriyası

A.Vivaldi – “İlin fəsilləri”

H.Pörsell – “Didona və Eney” operası

K.V.Hlyuk – “Orfey” operası

Y.Pahelbel – “Canon”




No comments:

Post a Comment