Bu
iki bəstəkarın (Bax və Haydn) yaradıcılıq dövrü 18-ci yüzilliyin ikinci yarısına
təsadüf edir. Gələcək nəsillər geriyə dönüb baxdıqları zaman onların dəyərini daha
çox anlayacaqdılar. Xüsusilə də Bax orta əsrlərdən və Renessans dövründən miras
qalan təcrübəni ən yüksək nöqtəyə çatdırmışdı. Halbuki onun müasiri olan bəstəkarların
böyük qismi bəstəkarlıq texnikasının sadələşdirilməsi, harmoniya və çoxsəslilik
əvəzinə musiqiyə prioritet verməyə meyl göstərirdilər. Baxın ölümündən az öncəki
və dərhal sonrakı dönəmlərdə Baxla müqayisədə açıq-aşkar səthilik müşahidə
olunur. Yeni melodiya anlayışı gələcəkdə daha da güclənəcəkdi. Amma kompozisiya
ağırlığı baxımından bu yeni anlayışın yol açdığı itkilər, özləri ilə bərabər
yeni bir çoxsəslilik, yeni bir gərginlik və musiqi baxışı gətirən dahi Haydn və
Motsart sayəsində yalnız 1780-cı illərin sonuna doğru kompensasiya ediləcəkdi.
Haydn və Motsart bəstəkar kimi formalaşma dönəmini yaşadıqları zaman, əsərlərinin
bir notundan belə, xəbərləri olmadıqları Baxın üslubundan çox uzaq idilər. İkisinin
də üslubunun ilk əlamətləri Baxın ölümündən çox-çox əvvəl meydana çıxmışdı və Baxdan
daha çox, Telemann, Skarlatti kimi çağdaşlarının üslubundan izlər daşıyırdı. Bu
siyahıya 1710-cu il civarlarında doğulan, bəzilərinə görə ön-klassiklər kimi qəbul
edilən bəstəkarların üslubunu da əlavə etmək olar. Ön-klassiklər hesab olunan bəstəkarlar
Şimali Almaniyada Karl Filip Emmanuel Bax (Yohan Sebastyan Baxın dörd musiqiçi
oğlundan ikincisi), Mannhaymda Yohan Ştamitz, Vyanada Matyas Corc Monn və Corc
Kristof Vaqenzayl və Milanda Covanni Battista Sammartinidir. İtaliya opera bəstəkarlarının
və Yohan Adolf Hasse kimi italiyalı olmayan, amma İtaliya tərzli operalar yazan
bəstəkarların da ayrıca yeri var.
Ən
azı, bunu xüsusi vurğulamaq lazımdır ki, 20-ci yüzilliyin ortalarına qədər
Haydn (1732-1809) və Motsartın (1756-1791) son əsərləri və Beethovenin az qala
bütün əsərləri bəstəkarların və dinləyicilərin səviyyəsini formalaşdırma baxımından
ən önəmli istinad nöqtəsi olub. Xüsusilə bu mənada bu üç bəstəkar “klassik”dir.
Onlar tarixdə kəşf edilməyə ehtiyacları olmayan ilk bəstəkarlardır. Bu,
onlardan öncəki bütün bəstəkarların tamamilə unudulduqdan sonra 20-ci yüzillikdə
yenidən xatırlandığı anlamına gəlmir. Heç vaxt Bax kimi qıraqda dayanıb kəşf
edilməyi gözləməyən Haydn və Motsartın əsərlərinin 19-cu yüzillikdə də bu gün
olduğu qədər tanındığı, anlaşıldığı, ifa edildiyi və sevildiyini söyləmək də
doğru olmazdı. Amma Haydn və Motsart öz dövrlərindən bu günə qədər
repertuarlarda və dinləyicilərin zehnində yaşayan əvəzedilməz irsin yaradıcılarıdır.
Əslində
onlar ən böyük əsərlərini həmin vaxtlarda ortaya çıxan və istər sevilsin, istərsə
də yox, bu gün də musiqi həyatının bünövrəsini təşkil edən konsertlər üçün
yazıblar. Eyni şəkildə, onlar simfonik orkestri və (xüsusilə Haydn) simli alətlər
kvartetindən (dördlük) simfoniyaya qədər müxtəlif yeni növlərin parlaq nümunəsini
yaradıblar. Bu bəstəkarların piano sonatalarını, (xüsusilə Motsart tərəfindən) kökündən
dəyişdirilən konsert formatlı əsərlərini və operalarını da yada salmaq
lazımdır. Simfonik musiqini (və ya orkestr musiqisi) “otaq” musiqisindən ayıran
və Vyana musiqisinin 150 ildən də artıq bir müddət ərzində bütün Avropaya hakimlik
etməsini təmin edən də onlar olub. Nəhayət, bu musiqiçilər sənətçinin azadlığı
qanununu cəmiyyətə və hakimiyyətdəkilərə qəbul etdirənlərdir.
Klassik
üslub ən parlaq dövrünü 1780-1815-ci illər arasında yaşayıb. Bu dönəmdə
Avropada Fransa inqilabına şərait yaradan hadisələr, daha sonra inqilab, bunun
ardınca bomba kimi partlayan olaylar gerçəkləşib. Tarixə qısa ekskursiya edən zaman
məlum olur ki, Vyana 1750-ci illər ərzində digər şəhərlər kimi bir mərkəzdir.
Amma ən kiçik nəzəri fərziyyə yürütmədən belə, demək olar ki, Vyana üslubu –
başlanğıcda məsələn, Mannhaym üslubundan daha az heyrətamiz, daha az həyəcan
vericidir. Amma çox keçmədən bu üslub (Haydnın 1760-cı illərdəki
simfoniyalarıyla isə qəti şəkildə) ən səviyyəli, ən mənalı tonallıq və ölçü
axtarışları ilə yeni mövqeyə yüksəlir. Və nəhayət, 1800-cü illər insanı üçün təkbaşına
(və ya demək olar ki, təkbaşına) orkestr musiqisinin və yüksək səviyyəli
musiqinin təmsilçisi olur. Hətta Vyana üslubu orkestr musiqisi ilə tamamilə qaynayıb-qarışır.
Bu baxımdan İtaliyadan, 1789-cu ildən öncəki və sonrakı Fransadan, eyni
zamanda, təşkilati işlərin çox olduğu, amma Vyana məktəbinin yüksək səviyyəli
uğurları ilə müqayisə edilə biləcək heç bir şey ortaya çıxara bilməyən Şimali Almaniyadan
da ayrılır və “empfindskeit”dan birbaşa romantizmə keçir. Digər tərəfdən Vyana
üslubu təkcə şimalın və cənubun (İtaliya) deyil, şərq və qərbin də birləşdiyi məkan
kimi qəbul edilir. Son olaraq bunu da qeyd etmək lazımdır ki, Vyana üslubunda təkcə
müxtəlif xalqların deyil, müxtəlif sosial təbəqələrin də duyğuları bir araya gəlir
(1770-ci illərdə Şimali Almaniyada müxtəlif üslub xüsusiyyətlərinə qarşı Haydnın
göstərdiyi sərt reaksiyalar bunun sübutudur). Vyana üslubu toplumun kültürlü hissəsinə
aid olanı ilə sadə xalqa aid olanını da, aristokrat sayılanla aristokrat
sayılmayanı da heç biri heç bir şey itirməyəcək şəkildə bir-birinə qarışdırdı.
Bütün bu mədəniyyət olaylarının ortaya universal bir sənət dünyası çıxardığını
xüsusi vurğulamaq lazımdır.
Bu
bəşəri addımlara, 1780-cı illərdə 2-ci Cozefin hökmdarlığı dövründə Vyananın “aydınlanma
ruhu”nun gətirdiyi intellektual qaynayıb-qarışma mühitinin yaranması da əlavə
olundu. Haydn və Motsart həmin vaxt yetkinlik dövründə idilər və bu mühitdə lazımi
motivasiyanı ala bildilər. Motsartın “Sehrli Fleyta”sı (“Die Zauberflöte”,
1791) bunun sübutudur. Bu əsər Vyana ruhunu, dolayısı ilə dövrün özünü yüksəklərə
qaldıra bildi. Ona göstərilən mənfi reaksiyalar çox gecikmədi, amma Haydn
“Yaradılış” oratoriyası ilə (1798), Beethoven “Fidelio”su ilə (1805-1814), hətta
“IX Simfoniya”sı ilə bu ənənəni davam etdirdi. “IX Simfoniya” bütün insanların
qardaş olduğunu elan etməklə kifayətlənməyib, ortaya çıxdığı dönəmi ifadə edən son
sarsıntıdır.
Qeyd: Növbəti yazı xüsusi olaraq romantikadan “qorxanlar”
üçün nəzərdə tutulub: Romantizm dövrü...
Musiqi
terminlərini fərqləndirək:
Appasionata (ital.): Ehtiraslı bir duyğuyla.
A Tonalite (fran.): Tonallıqdan xaric. Major, minor ya da başqa lad
silsilələrilə əlaqəsizliyi ifadə edən termin. Bu cür musiqinin ən ünlü təmsilçisi
sonradan atonallığı qaydaya çevirən Avstriyalı bəstəkar Arnold Şönberqdir.
Ballada (fran. “ballade”/ ital. “balata”): 12-ci yüzillikdə İtaliya xalqının ifa etdiyi qısa
rəqs mahnısı. Daha sonra ballada rəqslə əlaqəsini itirir. Romantik dövrdə
Şopen, List, Brams kimi bəstəkarlar piano üçün balladalar yazıblar.
Bolero: İspan rəqsi. Üç taktlıdır, kastanyetin müşayiəti
ilə oynanılır. Bu rəqsə sənət musiqisində da rast gəlmək mümkündür. Ən ünlü
bolero Moris Ravelin yazdığı eyniadlı orkestr əsəridir.
Kapriççio: Ortaya çıxdığı dövrlərdə başqa mənalar kəsb etsə də,
bu gün gözlənilməz effektlər daşıyan “kaprizli” əsərləri ifadə etmək üçün işlədilir.
Habanera (isp.): İspaniyada geniş yayılan Kuba mənşəli rəqs. Kubaya
Afrikadan gəlib. İki taktlıdır. Ritm xarakteri birinci taktın nöqtəli
olmasıdır.
Kanon (fran. Canon): Çoxsəsli musiqi. Melodik partiyalar silsilənin müxtəlif
qatlarında təkrarlama yoluyla bir-birini izləyir. Ən gözəl nümunə - Pahelbelin “Canon” kompozisiyası.
Kantata (ital. Cantata): İlkin mənasına
görə oxumaq (cantare), “teganni”
edilmək üçün yazılmış mahnı. Bu günkü anlamına görə operada olduğu kimi, mətni
müəyyən bir hadisədən, bir mövzudan bəhs edən, fəqət səhnədə oynamaq üçün
hazırlanmamış, bir ya da bir neçə solo ifaçı və orkestr (bəzən də xor) üçün
yazılmış əsər.
Noktürn (fran. Nocturne/ital. Notturno): “Gecə musiqisi” anlamında istifadə edilir. İlk dəfə
termin kimi durğun, düşüncəli və duyğulu piano parçalarını simvolizə etmək üçün
Con Fild tərəfindən işlədilib.
Serenada: Axşam musiqisi. Axşam yaxud gecə vaxtı açıq havada,
bir qadının pəncərəsi altında oxunan və ifa olunan musiqi.
Tango: Ritmi habaneraya bənzəyən (nöqtəli ritm), ancaq
daha sürətli tempi olan rəqs. İspaniya-Amerika mənşəlidir. Meksikadan çıxdığı güman
edilir. Argentinada çox geniş yayılıb.
Uvertüra: Musiqili səhnə əsərlərinin, süita və simfoniyaların
əvvəlindəki açılış, giriş musiqisi. İtaliyada Alessandro Skarlatti, Fransada da
Jan Batist Lülli uvertüranı üç hissəli formada müəyyənləşdirib. Beləcə, adları
çəkilən bəstəkarlar klassik simfoniyanın bünövrəsini qoyublar.
Əsərlərlə
tanışlıq:
V.A.Motsart
– “Rekviyem”
“Fiqaronun
toyu” operası
“Don
Juan” operası
L.V.Beethoven
– “Appasionata” (23 N-li sonata)
“Fidelio” operası
“Eqmont”
“Kreytser”
sonatası
No comments:
Post a Comment