Zehni inqilabın bəstəkarları
Bu
dönəmi adlandırmaq üçün ümumi qəbul olunmuş bir termin yoxdur. Çağdaş musiqi və
ya 20-ci yüzillik musiqisi kimi adlandırma cəhdləri olsa da, yüzilliyin
ortalarında yaşamış Raxmaninov, Sibelius və R.Ştraussu da əhatə etdiyindən xüsusilə,
ikinci adlandırma uyğun sayılmaya bilər.
Yeni
musiqi termini bu musiqi cərəyanının fəlsəfəsini və 19-cu yüzillik romantizminə
qarşı olan baxışlarını daha yaxşı şəkildə ifadə edirdi.
Yeni
musiqi Almaniya-Avstriya romantizminə və onun təmsil etdiyi hər şeyə bir
üsyanı, etirazı simgələyirdi. Müxtəlif bəstəkarlar ortaya müxtəlif texnikalarla
uğurlu musiqi nümunələri çıxarırdılar. Bu musiqi növündə impressionizm,
romantizm yaxud barokko dövründə olduğu kimi müəyyən bir stil ya da qəlib
yoxdur. Bəstəkarlar müəyyən bir texnikaya bağlı qalmaq əvəzinə, birini
sınadıqdan sonra başqa birinə keçməkdə hər hansı bir maneə görmürdülər.
Üsyan,
etiraz xarakteri əsərlərin adında da özünü göstərir. Buna örnək olaraq Erik
Satinin “Like a nightingale that has a toothache” və Tro Morsonun “Three pieces
in the form of a peer” əsərlərini göstərmək olar. Bunlar son yüzilliyin
romantik başlıqlı simfonik şeirlərinə bir etiraz kimi qəbul olunur.
1-ci
Dünya Müharibəsindən sonrakı bəzi bəstəkarların əsərlərində caz elementləri də
müşahidə olunur. Məsələn, Stravinskinin “Ragtime” (1918), Koplandın “Two Blues”
(1926) əsəri.
Con Keyc (1912-1992)
Klassik
musiqi təhsili alıb. Qərb musiqisinin və fərdi təsvirin fövqünə çıxmaq məqsədilə
Keyc musiqisində maqnitofon, val və radiodan da yararlanıb.
Keycin
məqsədi dinləyicilərin qulaqlarını süzgəc kimi deyil, qıf kimi istifadə etməyə
öyrəşdirmək, bəstəkarın seçdiyi səslərlə kifayətlənməyib kompozisiya daxilində
musiqi adına nə varsa, hamısını qəbul etmələrini təmin etmək olub. Buna nail olmaq üçün musiqidə “təyin
olunmamışlıq” qanununu həyata keçirib. Təsadüfiliyi saxlamaq və beləcə, ifaçının
fərdi təqdimatının araya girməsinin qarşısını almaq məqsədilə müxtəlif yollara
baş vurub. Məsələn, ifaçı sayını və instrument seçimini öncədən müəyyənləşdirməməyi,
səslərin və musiqi hissələrinin uzunluğunu təyin etməməyi, ifası mürəkkəb olan
not yazılışından boyun qaçırmağı və hissələrin sıralanmasında təsadüfiliyi
qorumağı təcrübədən keçirib.
Bela Bartok (1881-1945)
Bu
macar bəstəkarı 22 yaşındaykən 1848-49 inqilabının lideri və Ferensin atası
Lajos Kossutun həyatından bəhs edən simfonik şeirini yazıb.
İlk
ifası zamanı Avstriya milli marşının karikaturatik səsləndirilməsi qalmaqallara
yol açsa da, çox bəyənilir.
Peşə
həyatının əvvələrində fransız mühitinin təsiri altında qaldığı üçün ilk əsərlərində
politonallığın bəzi ünsürləri görünür. Amma daha sonralar bu “vəsait”dən yararlanmayıb.
Bunun əvəzinə Şərqi Avropa, ən çox da macar və rumın xalq üslublarını
araşdırıb. Musiqisi hər nə qədər harmoniya baxınından gərgin və qarmaqarışıq
olsa da, kökünü xalq musiqisinin modal silsiləsindən diqqətlə seçilmiş harmonik
tonallıqdan götürüb.
Bartokun
musiqisi və şəxsiyyəti nasistlərlə ittifaqda olan macar hakimiyyətini və kilsəni
qıcıqlandırıb və o, vətənə xəyanətdə ittiham edilib. Əksəriyyəti yəhudi olan bəzi
önəmli bəstəkarların əsərlərinin nasistlər tərəfindən qadağan edilməsi səbəbindən
o, Göbbelsə bir məktub yazaraq öz adının da həmin siyahıya salınmasını tələb
edir və əsərlərinin Almaniya, eyni zamanda ona bağlı olan ölkələrdə səsləndirilməsinə
izn vermədiyini bildirir. 1939-cu ildə Ahmet Adnan Sayquna yazdığı məktubda ölkəsindən
uzaqlaşmağa qərar verdiyini və Türkiyədə işləyə biləcəyini söyləsə də, müraciəti
cavabsız qalır və beləcə, onun Türkiyəyə gəlməsinə imkan verilmir. Bundan sonra
o, ABŞ-a gedir.
Əsərlərində
Stravinski kimi axsaq üsuldan istifadə edən Bartok musiqidə o zamana qədər
bolqar ritmi adlandırılan ritm üçün rumın etno-musiqişünası Konstantin Brailuy
ilə birlikdə “axsaq” terminini təklif edib və bunu musiqşünaslığa gətirib.
İqor Stravinski (1882-1971)
Rus
əsilli bəstəkar 1-ci Dünya Müharibəsi illərindən başlayaraq uzun müddət Rusiya
xaricində yaşayıb. O, xüsusilə “Atəş Quşu” (1910), “Petruşka” (1911), “Bahar
Ayini” (1913) və “Orpheus” (1947) kimi balet musiqiləri ilə məşhurlaşıb.
Stravinski
20-ci yüzillik musiqisinə böyük təsir göstərib. Onun özünəməxsus tənqidi
xarakteri xüsusilə, ölçü, temp, səs gurluğu baxımından önəmli nəticələr ortaya
çıxarıb. Mürəkkəb ölçülü asimmetrik qəlibləri araşdırıb, musiqi cümlələrində
istifadə etdiyi fiqur və motivləri uzadaraq yaxud çıxararaq simmetrik “cümlə
qurma” ənənəsini yıxıb. Musiqiyə yenidən qazandırdığı “çaşmayan ritm” duyğusu bir
çox əsərlərinin rəqsə uyğun gəlməsinin əsas səbəbidir.
Arnold Şönberq (1874-1951)
Şönberq
Motsart, Beethoven, Malerin şəhəri Vyana doğulub.
Avstriya
əsilli ABŞ-lı bəstəkar on iki ton (dodekafoniya) musiqisinin yaradıcısı, 20-ci
yüzilliyin ən nüfuzlu müəllimlərindən biridir.
Müəyyən
dönəmə qədər Şönberqin bütün əsərləri tonal olub, amma harmoniya və melodiyalar
qarmaqarışıq olmağa başladıqca, tonallıq da öz önəmini itirməyə başlayıb. 19
fevral 1919-cu ildə Şönberq tonal kompozisiya nizam-intizamından tamamilə məhrum
ilk əsər olan “Opus 11 No: 1” piano konsertini bitirir.
Zəngin
harmoniya və melodiya imkanlarını dəyərləndirməsinə kömək edəcək yeni bir “inteqrasiya
edici” qayda axtarışında olduğu bu dönəmin sonunda yalnız bir-biri ilə əlaqəli
olan “on iki ton” kompozisiya üsulunu tapır. 1921-ci ilin iyulunda bu janrın
ilk nümunəsi olan “Opus 12” piano süitasına başlayır.
Qarşılaşdığı
bütün müxalifətə baxmayaraq 1-ci Dünya Müharibəsindən sonra Şönberqin musiqisi getdikcə
daha çox sevilməyə başlayır. Lakin təəssüf ki, Şönberq yaradıcı işlərinin imkan
verdiyi elektron musiqi inqilabını görəcək qədər yaşamadı.
Edqard Varez (1883-1965)
Fransız
əsilli ABŞ-lı bəstəkar səs istehsalı texnikasına gətirdiyi yeniliklərlə
tanınır. Dissonant və mövzusuz, ritm baxımından da asimmetrik olan musiqisini “fəzadakı
səs cisimləri” kimi hazırlayıb. 1950-ci illərin əvvəllərində elektron səs təchizatından
(aparatura) yararlanma fürsəti qazandıqdan sonra isə elektron musiqiyə üstünlük
verib. Brüssel dünya sərgisi üçün yazdığı elektron şeirdə (1958) səsin 425
dinamik vasitəsilə yayılmasını nəzərdə tutub.
Aaron Kopland (1900-1990)
Koplandın
bəstəkar kimi inkişafı modern dövrün müəyyən meyllərini ortaya qoyur. İlk əvvəl
musiqisində caz ritmlərindən istifadə edən bəstəkar daha sonra Stravinskinin
yeni klassik tərzinin təsiri altında qalır. Kopland səs gurluğunu “sonority”
(ing. - “ahəngdarlıq”) baxımından daha tutumlu hesab etdiyi mücərrəd bir üsluba
yönəlir. Bu yönəlmə Koplandın sənətindəki ən məhsuldar dönəmin başlamasına səbəb
olur.
Kopland
bundan başqa radio, fonoqraf və kino kimi ünsiyyət vasitələri ilə modern
musiqiyə uyğun dinləyici kütləsinin də yaradıldığının fərqində idi. 1930-cu illərdən
sonra geniş dinləyici kütləsinə səslənə bilmək məqsədilə musiqini sadələşdirmə
meyllərinə qoşulub.
______________________
Elmi
inkişafın əvəzolunmaz nümunələrindən biri olan radio, konsert salonlarına gedə
bilməyən milyonlarla insanı dinləyici kütləsinə çevirib. Rendal Tompsonun
“Süleyman və Belkis” operası ilk dəfə radio stansiyaları tərəfindən əvəzi ödənilərək
yayınlanmışdı. 1929-cu ildən etibarən səsli çəkilməyə başlayan kinofilmlər bəstəkarlara
yeni imkanlar yaradır. Fonoqrafın icadı ilə dünyanın ən izolə olunmuş bölgələrinə
belə, insanlara musiqini istədikləri repertuarda dinləmə imkanı yaradır. Son
olaraq televiziya kütləvi ünsiyyəti ən
yüksək səviyyəyə qaldırır.
Modern
dövrün necə yaranıb inkişaf etdiyini təsəvvür etmək üçün təkcə bu faktlara nəzər
salmaq yetərlidir.
Qeyd: Hörmətli, “Alma-musiqi” oxucuları! Beləliklə bir
müddət öncə start verdiyimiz Klassik Qərb Musiqisi layihəsinin sonuna gəlib
çatdıq. Ümid etməyə dəyər ki, bu müddət ərzində müxtəlif dövrləri, bəstəkarları,
janrları və s. əhatə edən silsilə yazılar bir çox oxucunun zövqünü oxşadı. Son
olaraq layihəyə Götenin bu sözləri ilə nöqtə qoymaq istərdim:
“Oxuyan quşlar daha sevimlidir...”
No comments:
Post a Comment