Thursday, July 17, 2014

Homo Praktikus və Psixozəncəfil



...Beləliklə, yer adamı, praktik adam, Homo Praktikus psixologiyadan və sair elmlərdən - ədəbiyyatdan, təbabətdən... nə gözləyir?
     Göstərişlər, məsləhətlər. Təlimatlar, reseptlər. İstəyir ki, ona yaşamağı öyrətsinlər, yəni arzuya çatmağın yolunu göstərsinlər. Bundan artıq heç nə. Hə, bir də əyləncə və müəyyən qədər zövq-səfa, bir də təsəlli. Bəli, mən meşşanam, mən istehlakçıyam, haqqımda nə istəyirsiniz düşünün, özünüz eləsiniz. Dünən bilmişəm ki, bir fəndgir elm var – psixoqnostika. Kimin kim olduğunu tanımağa imkan verir. Nə deyirəm, psixozəncəfil, buyur, təsvir elə: adamlar nə cür olurlar, hansı əlamətləri ilə seçilirlər? Tənbəllik eləmirəm, öyrənərəm! Özümü, sevgilimi, dostlarımı, müdirimi və başqalarını cədvəl üzrə düzərəm ki, hamısı öz yerini tapsın, hər şey aydın olsun. Çünki müəyyənlik və dəqiqlik mənə çox lazımdır, dünyanı nizamlamaq yenilməz ehtirasdır. Və birdən kimsə mənə desə ki, hələ də dəvəni xəlbirlə suvarıram, desə ki, elə də olur, belə də - mən çox narazı qalaram, sözün açığı, lap dilxor olaram. Belə də şey olar? Heyrətləndirdiniz məni, sözüm yoxdur daha, hələ dissertasiya da yazırlar kişilər. Özüm baş çıxardığım şeylər barədə fikirləşməyə məni məcbur etməklərindən xoşum gəlmir.
 “Sən bu məsələ üzərində düşünmüsən? Nahaqca yerə. Fikirləşmək lazımdır”, - bir dəfə sevimli riyaziyyat müəllimim belə dedi.
“Nə fərqi var ki, - mən soruşdum. – Məgər fikirləşmək və düşünmək bir şey deyil??” “Sən artıq bu barədə fikirləşdin? – o soruşdu. – Bəli, fikirləşdim.” – “İndi isə düşün.”
Düşünmək istəyənlər azdır, istəyənlər arasında da bacaranlar azdır.

     Homo Praktikus ürəkdən istəyir ki, özü bilmədən aldadılmış olsun. O, xarici qüvvəyə, sadə desək, kimlərinsə xidmətinə ümid edir və arxayın olur. Çünki özü kimi homo praktikuslar onu belə öyrədirlər, bələkdən başlayaraq ona belə vəd edirlər, hətta düşüncə sahəsində xidməti qəbul etməyə məcbur da edirlər.
     Necə də qəribədir, nə qədər müəmmalı, mənasız hərəkətlər, zülmətli mistika var onda... Telefonla danışır. Onu deyir, bunu deyir, suallar verir və sairə - bəs, yaxşı, bu qədər əl-qol hərəkəti nə üçündür? Niyə qaşqabaq tökür, çiyinlərini çəkir, niyə əlini belə coşğunluqla yelləyir? Xəttin o başında heç nə görünmür. Qəribə deyilmi – gözəgörünməz olub, gözəgörünməz qarşısında da əl-qol oynadırsan?.. Yaxud, budur, bütöv bir dəstə televizorun qabağında cəm olub futbola baxır. Ayaqlarını yerə döyür, fit çalır, çığırışır. “Tez ol!.. Topu ver!! Sağa ötür, əşi, sağa ey. Vur!! Eh!..”
 Kimə deyirlər bu sözləri? Onları kim eşidir? Dəmir qutu?..
     Əgər biz həyatı tədqiq etmiriksə, avtomatik olaraq onun təcrübəlik dovşanlarına çevrilirik.
     Əgər özümüzü öyrənmiriksə, bizi öyrənmirlər – bu isə heç də həmişə xeyrimizə olmur. Öyrənmənin nəticəsini satın almaq olar. Tələ yemi də elə budur.
     “O şeyi ki, bilmirəm, deməli, o mənim üçün mövcud deyil”.
Yanlış fikirdir – hətta zarafat şəklində olsa da. Əksinə, o şeyi ki, mən bilirəm, deməli, o mövcud deyil, çünki mənim biliyim həmişə məhduddur və mənə məlum olmayan dərəcədə yanlışdır. O şeyi ki, mən bilmirəm, şübhəsiz, mövcuddur, sonsuz dərəcədə mövcuddur. Bunu tarix və elm sübut edir, bütün həyat sübut edir. Əgər nəsə mövcuddursa, o məhz mənim bilmədiyim şeydir.
                   
                                      * * * * * * *

     Qulaq as, dostum... Bilirəm, sən indi əzab çəkirsən. İş sənə əl vermir, həyat sənə əl vermir, özün-özünə əl vermirsən.
İnan, dostum, sən özünü tanımırsan. Və xahiş edirəm bağışlayasan ki, sənin “müəllimlərin”dən biri də mən olmuşam. Səfehlik eləyib, səni tənqid etmişəm, başına ağıl qoymağa çalışmışam. Fikridağınıq, qətiyyətsiz, zəifiradəli deyə danlamışam... Özü də bunu o zaman eləmişəm ki, guya onda paradoksal vəziyyətin içindən-çölündən tamam halı idim. Özüm o vəziyyətə düşdüm.
     Dostum, ey mənim varım-dövlətim! Sən də mənim vəziyyətimi nəzərə al, mənim paradoksumu başa düş. Gərək psixoterapevt belə bir fikrə ürəkdən inansın və onu ehtirasla başqasına da aşılasın ki, hər cür vəziyyətdən çıxış yolu var. Eyni zamanda psixoterapevt aldanmamalı və aldatmamalıdır, bütün başqa adamlar kimi onun da yalnız səmimi surətdə yanılmaq hüququ var.
Sənə müəllimlik etdiyim zaman səndə səni yox, özümü görürdüm – niyəsini başa düşmədən uzun müddət özümə əzab vermiş olan özümü...
     Dostum, görürsən, mən öz problemlərimi həll etməmişəm, əksinə, onların sayını artırmışam. Elə yaxşı olub mənə. Qazandığım yeganə şey hansısa problemə yeni münasibət olub, elə yeni münasibət ki, başqa problemlər onun qarşısında duruş gətirə bilməyib, rədd olublar cəhənnəmə. Dallarınca qara daş!...

ÇIXILMAZ VƏZİYYƏTDƏN ÇIXIŞ YOLU ELƏ GİRİŞ YERİNDƏDİR

“Özünü ələalma”nı özünə qarşı zorakılıq kimi yozma.
Adamın istedadı nə qədər böyük olursa, adamın özünü ələ alması bir o qədər çətin olur, xüsusən də gənclik dövründə, ruh hələ özünü axtardığı vaxtlarda.
Nəzəri cəlb etməyən fəaliyyətsizlik – hələ daxili fəaliyyətsizlik və ruhun bəhrəsizliyi demək deyil.
Sən faəliyyət maşını deyilsən, sən insansan – dərin mənalar ümmanı olan insan. Sənin işin təkcə gözlə görünən işlərdən ibarət deyil, sən bütün varlığınla, hətta sükutunla da işləyirsən.

© Vladimir Levi
   

No comments:

Post a Comment