Romantik
çağ adından da anlaşıldığı kimi “qarmaqarışıq” yaşantılarla zəngin dövrdür. Sənaye
inqilabının ayaq səsləri hiss edilməyə başladığı zaman insanlar arasında müvəqqəti
bir çaxnaşma yaşanmış və nəticədə mistika ilə qarışıq “sevgi ətirli” əsərlər
ortaya çıxmağa başlamışdı.
Romantik
dövrün təşəkkül tapmasında önəmli məqamlardan biri də Fransa inqilabı ilə
bağlıdır. Napoleonun bütün dünyanı ələ keçirmək xülyasına qapılması, Beethovenin
də Napoleon imperatorluq iddiasına düşdükdən sonra ona ithaf etdiyi 3-cü
simfoniyanın adını dəyişib “Qəhrəmanlıq” qoyması kimi xırda nüanslar əslində,
dövrün ən yaxşı güzgüsüdür.
Böyük
Fransa inqilabından sonra belə, insanların xoşbəxt gələcək, gözəl günlər
haqqındakı xəyallarının puç olması bütövlükdə, dövrün ab-havasını dəyişmişdi. Artıq
Beethovenin əzəmətli, mübariz qəhrəmanlarının yerini zəif, dözümsüz, pessimist bəstəkarların
emosional, cəmiyyətdən uzaq, tənha qəhrəmanları tutmağa başlamışdı. Bəli, bu elə
həmin vaxtlar idi: romantik dövr
başlamışdı...
Klassizmdən
romantizmə keçid prosesində ən böyük körpü rolunu oynayan şəxs dahi Beethoven
olub. Nəinki yaradıcılığı, hətta öz yaşam tərzi ilə sənətə azadlığı, sənətkarın
müstəqilliyini daddıran Bethoven, öz çağdaşları ilə birlikdə musiqinin kilsə və
saraylardan çıxıb xalqa çatmasında müstəsna rol oynayıb. Romantik dövrün ən ümdə
xüsusiyyətləri də məhz bu dəyişiklikdən qaynaqlanır:
Romantik
bəstəkarlar klassik musiqinin sərt, dəqiq qanunauyğunluqlarından imtina edərək
sərbəst musiqi formaları yaratmağa meyl göstərirlər. Onların tənha, cəmiyyətdən
uzaqlaşmış, bədbin, inamsız qəhrəmanları elə, romantiklərin özlərinin yaşadığı daxili
ixtilafların, ürək çırpıntılarının ifadəsi idi. Bu mənada romantiklərin ilk
nümayəndəsi sayılan Frans Şubertin adını birinci çəkmək lazımdır. Öz
xarakterindəki zəifliklərin, utancaqlığın da yaratdığı “həssaslıq” onun romantizmin
ən parlaq simalarından birinə çevrilməsində əsas amil olmuşdu. Yeri gəlmişkən, 1827-ci
ildə Beethovenin dəfn mərasimində Şubertin də
iştirak etməsi böyük bir mədəniyyət hadisəsini simvolizə edirdi: sonuncu
klassiklə ilk romantikin vidalaşması və yeni “hisslər əsrinin” başlaması...
Beethovenin
klassik və romantik cərəyanları bir-birinə bağlayan musiqisinin ardınca,
çağdaşları sayılan Veber, Şubert və Rossini ilk dəfə “qarışıqsız, təmiz”
romantik sənətkarlar kimi tanınır və romantik dövrü gerçək mənada başladan da
onlar olurlar. Bu bəstəkarların 1830-cu illərdə vəfat etməsindən sonra romantizmin
ikinci mərhələsini təşkil edən musiqiçilər dönəmə öz möhürlərini vururlar.
Otaq
musiqisi klassik dövrün məhsulu idisə, simfoniya da romantik dövrün məhsuludur.
Bu dönəmdə bir-birinin ardınca qeyri-adi simfoniyalar, “lied”lər, xor musiqiləri,
operalar, uvertüralar, konsertlər yazılıb və şərh edilib. Xüsusilə də Cüzeppe
Verdinin operaları bu gün də böyük heyranlıqla dinlənilir. Dönəmin sonlarına
doğru “hücuma keçən” balet janrı isə klassik musiqiyə rəqsin əvəzolunmaz gözəlliyini
gətirir.
Bax,
Haydn və Motsart da minor tonlardan istifadə edib romantizmə özünəməxsus şəkildə
şərait yaradan bəstəkarlar olsa da, romantiklərin şərhçiliyi Bax yaxud Motsart
dövrünün şərhçiliyinə bənzəmir. Şopen, List, Paqanini kimi möcüzələr yaradan sənətkarların
musiqi texnikası, romantik dövrü dəyərləndirmə şkalası sayıla bilər. Bu dönəmin
bəstəkarları musiqi alətlərinin ifa imkanlarını çox yaxşı qiymətləndirə bildiklərindən,
öz parlaq qabiliyyətləri ilə instrumentlərin bütün imkanlarını genişləndiriblər.
Romantik
dövrün ən diqqətçəkən musiqi aləti piano olub, bu dönəmin sənətçilərinin bütün
fırtınalı, tündxasiyyət və enişli-yoxuşlu duyğularını ən gözəl şəkildə anladan alət
olmaqla ad çıxarıb. Pianonun ən kiçik səsdən ən böyüyədək, səs gurluğuna qarşı
həssaslığı, bəstəkarların ruh halındakı dəyişiklikləri ifadə etmək üçün son dərəcə
əlverişlidir. Ancaq adını tarixə sözün əsl mənasında, “biləyinin gücü hesabına”
yazdıran bir skripka ustası var ki, həm inanılmaz çevikliyi və sürəti, həm də
son dərəcə həssas ifası ilə əfsanəyə çevrilir. Paqanininin qabiliyyəti o dərəcə
fövqəladədir ki, şeytanla əlbir olduğu inancı dildən-dilə dolaşıb. Dövrünü
çox-çox qabaqlayan bu skripka ustasının yazdığı və şərh etdiyi əsərləri eyni
ustalıqda ifa edə biləcək skripkaçı bu gün belə, yox sayılacaq qədər azdır.
Romantik
dönəm simvolik olaraq 3 mərhələyə bölmək olar:
·
Erkən Romantik dövr: Romantik meyllərin klassik musiqi daxilində təzə-təzə
ortaya çıxdığı vaxtlardır. Bu meyllərin öncülü kimi Lüdviq van Beethoven qəbul
edilir. Digər ünlü bəstəkarlar Frans Şubert, Karl Mariya fon Veber və Coakino
Rossinidir.
·
Orta Romantik dövr: Romantizmin bütün Avropada hegemonluq etdiyi vaxtlardır.
Bu mərhələnin ilk müjdəçisi isə proqramlı simfoniyası “Fantastik” ilə Hektor Berlioz
olub. Daha sonra Frans List, Feliks Mendelson, Nikkolo Paqanini, Robert Şuman,
Frederik Şopen, Yohannes Brams gəlib. Bu mərhələ Cüzeppe Verdi və Rixard
Vaqnerin opera sahəsindəki mükəmməl yaradıcılığı ilə özünün zirvə nöqtəsinə çatıb.
·
Son Romantik dövr: Musiqiyə “nəzarətin” “Almaniya-Fransa-İtaliya”
üçbucağından çıxdığı dönəmdir. Klassik musiqidə digər millətlərdən olan sənətkarlar
da tanınmağa və nəticədə, sanballı rəqabət mühiti yaranmağa başlayır. Mixail
Qlinka, Aleksandr Borodin, Modest Musorqski, Nikolay Rimski-Korsakov, Pyotr
İliç Çaykovski kimi rus, Bedrix Smetana, Antanin Dvorjak kimi çex, Edvar Qriq,
Yan Sibelius kimi skandinaviyalı bəstəkarlar klassik qərb musiqisinə yeni nəfəs
gətirir.
Hər
sahədə bir-birindən parlaq sənətkarlar bir-birinin ardınca xarüqələr yaradır. Təbii
ki, romantizm hər çağda ayrı-ayrı sənətkarların yaradıcılığında yaşayıb inkişaf
edib, amma 19-cu yüzillik sənət tarixinə daha gərgin və nəhəng ölçüdə əks
olunub. Bu dönəmin sənətkarları xülyalar və obrazlar içində uçan, əlçatmaz
olanın arxasınca qaçan, özünə acıyan, başa düşülməməkdən şikayətlənən, mənəvi
eniş-yoxuşlarını əsərlərində əks etdirən sənətçilərdir. Bu ruh halının ədəbiyyatdakı
inikası Viktor Hüqo, Balzak, Qoqol, Dostoyevski, Tolstoy, Çexov, Düma və Müsse,
Kits, Lord Bayron və Göte, fəlsəfədəki ifadəsi Nitsşe, Şopenhauer, Hegelin adı
ilə bağlı olduğu kimi, musiqidəki təmsilçiləri Şopen, Şubert, Veber, Şuman,
Çaykovski, Brams, Verdi, List, Vaqner, Puççini, Rossini və dahi skripka ifaçısı
Paqaninidir. Ehh, artıq özünüz fikirləşin...
Musiqi
terimnlərini fərqləndirin:
Simfoniya: Bütün tərzlərin anası sayılır. Bir simfoniya üçün ən
azı yarım saat, dörd hissə və böyük bir orkestr tələb olunur. Böyük bəstəkarlar
nə qədər böyük olduqlarını sübut etmək üçün bir çox simfoniya yazmaq məcburiyyətində
idilər.
Sonata: Simfoniyadan tək fərqi bir ya da bir neçə nəfər tərəfindən
ifa olunmasıdır.
Sonatina: Balaca sonata da deyilə bilər. Müddəti daha
qısadır.
Konsert: Bir solo instrument üçün yazılıb, amma orkestr da
onu arxadan müşayiət edir. Solo ifaçı tamaşaçıların önündə məğrur şəkildə sənətini
nümayiş etdirir.
Kantata: Hərfi tərcümədə “mahnı oxumaq” mənasını verir (cantare). Bir növ, “ariyaların atasıdır”
demək olar. Bir az da şişirdib, “dekorasiya və kostyum tələb etməyən praktik
mini opera” deyərək söhbəti bağlamaq olar.
Rəqs: Vals bu kateqoriyaya daxildir. Adında rəqs ya da
vals kəlməsi yoxdursa da sizi davamlı, təkrari ritmi ilə tərpədən musiqi elə, rəqsdir.
Serenada: Bəsit şəkildə “kokteyl musiqisi” deyilə bilər.
Əsil-nəcabətli və zənginlərin iştirak etdiyi ballarda qonaqların diqqətini yemək
üzərində toplaya bilmək üçün ağır və ahəstə şəkildə ifa olunur. Bəsit və
rahatladan xarakterdə olurlar.
Rapsodiya: Müəyyən forması yoxdur. Yəni əgər bir əsəri
kateqoriyalaşdıra bilmirsinizsə, böyük ehtimalla, o, rapsodiyadır.
Uvertüra: Bir neçə
dəqiqəlik faciəli bir kədəri ya da coşğulu bir anı ifadə etmək üçün yazılmış
güclü əsərlərdir. Prelüd adlandırıldığına da rast gəlmək olur.
Balet: Keçmişdə müşayiət, arxa plan musiqisi kimi sinifləndirilirdi.
Amma Pyotr Çaykovski gəldi və bu növü sevimli bir hala, rəqsi seyr etmədən belə,
dinlənilə biləcək qədər gözəl bir formaya çevirdi.
Əsərlərlə
tanışlıq:
L.V.Beethoven
– 6 N-li simfoniya (Pastoral)
F.Şubert
– “Tamamlanmamış simfoniya”
C.Rossini
– “Sevilya bərbəri” operası
F.Mendelson
– “Yay gecəsində yuxu”: “Toy marşı”
M.Qlinka - “Ruslan və Lyudmila” operası
No comments:
Post a Comment