Saturday, July 19, 2014

İnsanşünaslıq çiçəyi

    Yaxşı ki, gündüzdən savayı gecə də var.
    Yazmaq tələbatını daha qədim tələbat olan danışmağın təzahür forması hesab etmək olar.
    Yazan adam Gözəgörünməzə müraciət edir.
    7 yaşım olanda mən ilk hekayəmi yazmışdım. O, bəbir ovu haqqındaydı və qardaşım yox idi deyə, hekayədə özümə qardaş da uydurmuşdum. İndiyədək həmin hekayəni özümün ən uğurlu əsərim hesab edirəm. 


    Gecə növbətçilik etdiyim vaxtlarda, xəstələrə baş çəkdikdən sonrakı qısa fasilələrdə, yuxudan qopartdığım saatlarda və dəqiqələrdə, şahmat oyunlarından və həkimlərin də, həkim olmayanların da məşğul olduğu başqa işlərdən qalan müddətdə kitab yazırdım...
    Əlyazmalarımı geri qaytararaq mənə səbrlə öyüd-nəsihət verirdilər ki, beyini siyasi coğrafiya ilə (“Yaddaş diyarı”, “Emosiyalar səltənəti”, Tələbat dövləti”) qarışdırmaq olmaz, həmçinin ruhun fəaliyyətinə şeir qoşmağa dəyməz.

...İxtiyar sahibisən, neynək, redaktor kimi,
Alt-üst elə yazımı, şumla traktor kimi.
Qurdala hər cümləmi, sök-dağıt, zövqüncə qur
Bu işə görə səndən heyif çıxaram mən də,
Gələcək nəsillərin ali məhkəməsində -
Unutma, qrafomanlar hamısı kinli olur...

    Qəribədir, çox tələm-tələsik yazdığım variantlar birdən-birə bəyənilirdi. Siqnal nüsxələrində bir aləm mənasız və duzsuz şeylər – müəllifin bu dünyada yaşamağa yaramadığını göstərən saysız-hesabsız çatışmazlıqlar aşkara çıxırdı.
“Nə olsun ki, birtəhər dözərik, belə hesab edək ki, bu, gəncliyin səhvidir. Təzədən başlamaq hələ gec deyil”.
    Kitabın üzqabığından yad, həkiməoxşamaz kor-kobud bir sifət boylanır. Elə bilirlər ki, bu sənsən. Əcəb oldu sənə.
    Məktublar axıb gəlməyə başladı...
    Elə onlar məni inandırdı ki, Gözəgörünməzi maraqlandıran nə üslub gözəlliyidir, nə də bilik; hətta necə yaşamaq barədə məsləhətlər də onu cəlb etmir. Hərçənd bütün bunlar bəlkə də işə yaraya bilər… Gözəgörünməz, kitabda özünü axtarır.
    Əgər gözəllik qavranılmırsa, vay onun halına! Əgər bilik bəyənilmirsə, vay onun halına!
    Çalışırdım izah edim ki, insanşünaslıq hazır reseptlər yığını və düsturlar toplusu deyil, onun məğzini duymalısan, yəni mənalar ümmanına dalmalısan; istəyirdim deyim ki, qeyri-insani hər nə varsa, onların da heç biri insana yabançı deyil, başa salmaq istəyirdim ki, mahiyyət hər yerdədir...
    Çiçəyin mahiyyəti nədədir? Və ləçəkləri bir-bir qopara-qopara çiçək mahiyyətini dərk etmək olarmı?
© Vladimir Levi
 

No comments:

Post a Comment