(Vladimir Levidən seçmələr)
Lətifəvari bir hadisə yadıma
düşür. Psixiatriya xəstəxanasında işlədiyim zaman öz xəstələrimdən birinin işi
ilə əlaqədar hüquq məsləhətxanasında oturub növbə gözləyirdim. Kabinetin qapısı
açıldı, hirslənmiş cavan bir qadın və onu lütfkarcasına bayıra çıxaran ahıl
hüquqşünas göründü.
-
Əziz vətəndaş,
mən sizə izah edirəm axı. Zorlama üzrə mütəxəssis üzbəüzdəki kabinetdədir.
Mən: “Nə etmək olar, - deyə düşündüm, - əsrimiz dar ixtisaslaşma
əsridir”. İnsanın isə minbir dərd-səri var: o, nakam məhəbbətin əsiridir, o
qızarır, ağarır, qısqanır, diş həkimlərindən qorxur, pis yatır, yuxu dəlisidir,
iş qabiliyyətini itirir, dazlaşır, arıqlayır, kökəlir, az qazanır, ər-arvad
vəzifələrini yerinə yetirəndə səriştəli tərpənə bilmir, tez özündən çıxandır,
başqalarına həsəd aparandır, qayınatasından çəkinir, həmişə ilhamlı ovqatda
olmağa can atır, məhəbbətdən yan keçə bilmir, ölüm barədə düşünür, mənzilə
ehtiyacı var, tənbəldir, həyatın mənasını dərk etmir, istəyir ki, xudpəsəndliyi
az olsun və adamlara daha artıq yovuşsun, çox bilmək, az düşünmək, şəxsi
xoşbəxtliyini qurmaqda daha inamlı olmaq istəyir, itdən qorxur, eyni zamanda da
dünyanı ağ günə çıxarmaq ümidindədir...
Öz-özümə deyirəm ki, qəribə təkrarolunan əhvalatdır – qəribə və
təkrarolunan. Sən psixiatrsan, həkim-psixoloqsan, psixoterapevtsən və i.a...
Nələri isə bilmisən, kimlərəsə kömək eləmisən, bundan sonra da kömək etmək
istəyirsən. Məqalə yazırsan, kitab yazırsan – “nəyi”, nə üçün” və “necə”ni başa
salmaq istəyirsən. Fikirlərini aydın şəkildə şərh edirsən: oxu, anla, hərəkət
elə. Özünüzü pis hiss edirsiniz? İzah edirəm nə üçün. Əhvalınız mümkün qədər
yaxşılaşsın deyə, nəyi necə etmək lazım olduğundan danışıram. Bir şey çıxmır?..
Yenidən izah edirəm, göstərirəm...
Məktublar gəlir.
Budur – ura, afərin! Çatdı!.. Təsiri oldu, kömək etdi!..
Budur – az-maz çatdı...
Bu da biri, digəri, üçüncüsü...
Utancaqlıqdan necə qurtulmaq barədə növbəti məqalədən sonra, bütöv
bir kitabdan sonra! – məktublar gəlir. Siz bilən kimlərdən? Utancaqlardan. Hamısı
onlardandır. “Hə, oxudum, əladır, çox sağ olun, hər şey aydındır, gözəl
məsləhətlərdir... İndi isə, əzizim, mənə deyin görüm utancaqlığın daşını encə
atım?”
Necədir sənin üçün!
Bəlkə bu elə xüsusi haldır ki, nəzərə ala bilməmisən?.. Yox, Son
dərəcə tipik haldır.
Bəlkə oxucu pisdir? Oxumağı bacarmır, anlamaq istəmir?
Yox, adi oxucudur. Yox, səfeh deyil.
Yoxsa paradoksal korluqdur bu? Biri yalnız özünə aid olanı görür,
digəri həddən artıq “ayıq” olduğundan heç kitabı görmək istəmir...
“Mənə kömək edin. Sizin yazdıqlarınız MƏNDƏN başqa hamı üçün yazılıb.
Axı mən dünyada heç kəsin başa düşmədiyi bir adamam.
Axı, məsləhətləri BİR QAYDA OLARAQ verirlər və hamıda hər şey
qaydasında alınır, təkcə məndə alınmır. Mən qayda deyiləm! Mən – İstisnayam!...
Qayda olmaq istəmirəm, ola bilmirəm, bu, maraqsız olardı! Bu, dəhşət olardı! Hamı
ilə tənləşmək istəmirəm!..”
Elə düşünməyin ki, indi mən özünü istisna hesab edən bu müştəbehin
dərsini verəcəyəm.
O, doğrudan da, İstisnadır. Siz də İstisnasınız. Mən də İstisnayam.
Nədənsə biz bir qayda olaraq ölürük: nə üçünsə bir qayda olaraq bu
qaydadan istisna olmaq istəyirik. Bir çox başqa qaydalardan da.
Mətləb, bax, burdadır.
No comments:
Post a Comment