(ayaq üstə oxumalı)
Bir
müddət öncə start verdiyimiz “Klassik Qərb musiqisi” layihəsinin bəlkə də kulminasiya
nöqtəsinə çatmış sayılırıq. Renessans dövründən üzü bu yana gələ-gələ modernizmin
qapısına çatdıq və bu məqamda dərin bir nəfəs almalı olduğumuzu düşündüm. Diqqətli
oxucuların nəzərindən qaçmış olmaz – bir neçə yazıda adı istər-istəməz dəfələrlə
vurğulanan bir şəxs vardı. Napoleonla aşıq-aşıq oynayan, klassizmdən romantizmə
körpü çəkən, indinin özündə belə, bütün Avroponı ayağa qaldıran (“Ode To Joy”),
tarixin ən məğrur kar bəstəkarı... Lüdviq van Beethoven.
Düzünü
deyim, onun haqqında quru-quru araşdırma yazısı yazmağa sadəcə əlim gəlmədi. Çünki
baxın, necə alınardı:
“Dahi
alman bəstəkarı Lüdviq van Beethoven 1770-ci ildə Bonn şəhərində dünyaya göz
açıb. 1792-ci ildə Vyanaya yollanan Beethoven burada tezliklə istedadlı pianoçu
kimi ad-san qazanıb. Vyanaya gələrkən ən böyük arzusu Motsartla görüşmək olsa
da, Motsartın vəfatı onun arzusunu gözündə qoymuşdu. Yəqin ki, bunun heyfini
çıxmaq üçün o, bir neçə pedaqoqla yanaşı, Motsartı zəhərləyib öldürən Antonio Salyeridən
də musiqi dərsləri alır (zarafat öz
yerində - R.S.). Zarafat bir yana duranda, bəlkə də bu, tarixin ironiyası
idi: Beethoven də öz istedadı ilə Salyerini kölgədə qoyub öldürəcəkdi (Bu da yeni
bir meta-poemanın süjet xətti olsun. Müəllif yeni Puşkinlərin yarana biləcəyinə
səmimi qəlbdən inanır).“
Öz
aramızdı, tez-tələsik ölüb aradan çıxmaqla Motsartın da bəxti yaman gətirmişdi
amma.
Nəhayət,
Beethoven 1827-ci ildə vəfat edib.“
Bax,
belə bir şey alınardı...
*****
Qayıdaq
Beethovenə. Deməli, kar olub, yaman eşqbazlıq edib, həm də “əlçatmaz” sayılan evli
yaxud zadəgan qadınlara xüsusi marağı olub. Buna baxmayaraq, Beethovenin ən güclü
və son sevgisi “Əbədi sevgim” kimi qələmə aldığı bir qadınla bağlıdır. Qraf fon
Deym adlı zadəganın gənc dul qadını ilə yaşadığı eşq macərası və həmin qadına yazdığı
uzun-uzun məktublar əsasında 1994-cü ildə eyniadlı “Immortal Beloved” (“Əbədi
sevgili”) filmi çəkilib.
Şəxsi
həyatındakı odlu-alovlu yaşantılarına baxmayaraq, Beethovenin yaxın qohumları,
dost-tanışları ilə münasibəti olduqca bərbad olub. Bunun səbəbləri arasında, getdikcə
güclənməkdə olan karlığın verdiyi əzab-əziyyəti də nəzərə almaq lazımdır.
Yeri
gəlmişkən, film haqqında bəzi nüanslara xüsusi diqqət yetirmək yaxşı olardı.
Film
“5-ci simfoniya”nın təntənəli giriş musiqisi ilə başlayır. Bilənlər bilir, Beethovenin
ən tanınmış əsəri məhz budur. Bu möhtəşəm musiqini mütləq tanıyırsınız: Da-da-da-daaaaa...!
da-da-da-daaaaa!!! Beethoven özü bu leytmotivin fəlsəfi yükünü belə xarakterizə
edir: “Tale qapını döyür” (yəqin ki, Əzraili nəzərdə tutur). Bu söhbəti
bağlamaqsa ingilis yazarı Forsterin boynuna düşür. O, 5-ci simfoniyanı belə təsvir
edir: “İnsan qulağının eşidəcəyi ən gözəl səslər”.
Film
Beethovenin dəfn mərasimi ilə başlayır, 9-cu simfoniyanın premyerası ilə tamamlanır.
Premyera zamanı simfoniyanın 4-cü hissəsi ifa olunarkən Beethoven orkestrin
qarşısına çıxır və musiqi sədaları altında uşaqlıq illəri gözlərinin önündən
keçməyə başlayır. Sonluq isə tükürpədicidir... Arxası tamaşaçılara tərəf olan Beethoven
simfoniyanın sonunda hamının ayaqüstə qalxıb onu alqışladığını eşitmir. Dirijorun
onun kürəyinə toxunuşundan sonra geriyə çevrilir və... Deyilənə görə, real həyatda
Beethoven həmin məqamda hönkür-hönkür ağlayıbmış.
9-cu
simfoniyanın 4-cü hissəsi dahi alman yazarı Şillerin “Sevincə doğru” (Ode To
Joy) əsərinin süjeti əsasında yazılıb. “Ode To Joy” bütün bəşəriyyəti
qardaşlığa və bunun uğrunda mübarizəyə səsləyir. Məhz bu parça 1972-ci ildən
etibarən Avropa Birliyinin marşı seçilib (ayağa qalxıb oxunur!).
Ümumiyyətlə,
filmdə 3 ən yaddaqalan səhnə var (yəni, məncə). Bunlar Beethovenin ən çox sevilən
və tanınan kompozisiyaları ilə bağlı olan səhnələrdir. Birinə artıq yuxarıda tamaşa
etdik. Digər ikisi isə “Ay sonatası” və “Eliza üçün” piano kompozisiyılarını Beethovenin
özünün ifa etdiyi səhnələrdir. Film barədə yüngülvari şərhlərə nöqtə qoyub,
keçid alaq Beethovenin baxışlarına, musiqisinə, həyat tərzinə.
Yuxarıda
qeyd olunmuş bir faktın üzərinə qayıdaq. Beethovenin münasibətdə olduğu
insanlarla çox pis davrandığı heç kimə sirr deyil. Bunun əsas səbəbi təkcə xəstəliyin
yaratdığı çətinliklər deyildi, əsəbi gərginlik də bu məsələdə öz sözünü
deyirdi. Bütün bunlara baxmayaraq onun ətrafında həmişə səmimi dost mühiti olub.
Şəxsiyyətindəki əzəmət ona çox dəyərli insanlar, səmimi dostlar qazandırıb.
Bir
çox mənbələr Beethovenin hakim təbəqəyə və sosial rütbəcə özündən üstün olan şəxslərə
nifrət etdiyi göstərir. O, konsert zamanı tamaşaçıların musiqiyə qulaq asmaq əvəzinə
aralarında söhbət etdiyini və ya konsertə lazımı diqqət yetirmədiyini görəndə
musiqini yarımçıq saxlayıb konserti tərk edərdi. Ziyafətlərdə kiminsə ona gözlənilmədən
nəsə ifa etmək sifarişini dərhal rədd edərdi. Tədricən, bu kimi bir çox
qarşıdurmalardan sonra hersoq Rudolf saray etika qaydalarından bəzilərinin Beethovenə
tətbiq olunmaması haqqında fərman verməli olur.
*****
“Musiqi
kişilərin qəlbini alovlandırmalı, qadınlarınsa gözünü yaşartmalıdır.” Beethovenin
sözləridir, öz yaradıcılığına necə də dəqiq diaqnoz qoyub. Məhz belə: “...
alovlandırmalıdır”. Əgər siz 5-ci simfoniyadakı xəfif passajları, dəyişən ritm
fonunda gur dağ çayı kimi aşıb-daşan melodik partiyaları eşitmisinizsə, bu təsvirlər
sizə qətiyyən şişirtmə gəlməzdi. Gör bir hələ alman dramaturqu Bertolt Brext nə
deyib: “Beethovenin musiqisi mənə hər zaman bir müharibə rəsmini xatırladır.”
Bəs
“Pastoral”? Onun haqqında danışmamaq olarmı?! Pastoral (6-cı simfoniya - bilənlər
müəllifi üzrlü hesab etsin) Beethovenin təbiətə vurğunluğunun ən gözəl musiqi
ifadəsidir. Ümumiyyətlə, gəlin əvvəlcə bir az rahatlaşaq, söhbətimizin davamı
üçün bu, çox vacibdir. Yeri gəlmişkən, yarımbaşlığa hələ də əməl edən varsa, daha
otura bilər.
Deməli,
belə. Terminlər lüğətindən vərəqləyib yada salaq ki, pastoral çoban həyatını
idiliya şəklində təsvir edən bədii və ya musiqi əsərinə deyilir. İdilliyanın da
təbiət qoynunda sakit həyatı ifadə edən bədii əsərə deyildiyni axtarıb tapdıq. Vəssalam.
Artıq “Pastoral” simfoniyası haqqında bilməli olduğumuz hər şeyi bilirik. Bircə
qalır, bu möhtəşəm musiqini dinləmək və ...
Vəsi
odur ki, bu musiqiyə qulaq asdıqca, ilin dörd fəsli gözləriniz önündə
canlanacaq (Vivaldinin “İlin fəsilləri” ilə qarışdırmamalı), hətta özünüzü dağın
döşündə, yaşıl çəmənlikdə asudə hiss edəcəksiniz. Payız fəsli hissəsində zərb
alətlərinin ifasında şiddətli göy gurultusunu, simli alətlərin simasında dəhşətli
külək vıyıltısını dinləyərkən qaçıb çarpayının altına girə ya da çətir axtarmağa
başlaya bilərsiniz.
İkinci
hissədə valehedici klarnet səsini, bülbül səsi kimi adamı həyəcanlandıran fleyta
səsini, bildirçin səsini xatırladan qoboy ifasını eşidərkən, “kaş ki, kənddə
yaşayardım” deyə düşünə bilərsiniz.
Adama
elə gəlir, “Pastoral”da texniki olaraq sanki musiqi yoxdur. Yəni, yadda
saxlayıb sonradan zümzümə edəcək melodik parçalar gözə dəymir. Sadəcə təbiət təsviri
var. Hər şey təbiətdə olduğu qədər təbii, yerli-yerindədir. Musiqi alətləri isə
eynilə rəssam fırçasını xatırladır.
“Ay işığı” sonatası... Beethoven haqqındakı, eyni
zamanda içimdəki Beethoveni ifadı edən yazıya bu gözəl musiqinin tutqun, zərif akkordları
altında nöqtə qoymaq istərdim. Bəşəriyyətin qaranlıq, səssiz illəri arxasında əriyib-itən
saysız-hesabsız insan ömrü... Çox-çox uzaqlardan səpələnib yayılan sonsuzluq qoxusu...
Və bütün bu sirli, anlaşılmaz duyğuların arxasından boylanan məğrurluq.
No comments:
Post a Comment