Tuesday, July 29, 2014

2 M qanunu: Maler, Mendelson



Alma almaya bənzər...


     Bu yazımızın qəhrəmanları özlərini Beethovenə “oxşatmağa” çalışan iki böyük bəstəkardır: Maler və Mendelson. Yazının məğzinə keçməzdən öncə Beethovendən təsirlənən və öz yaradıcılığında ona istinad edən məşhur bəstəkarların qeyri-rəsmi siyahısını təqdim etmək istərdim. “Beethovenə oxşamaq” tendensiyası haqqında doğru-düzgün təsəvvürə malik olmaq üçün elə təkcə romantizmin ilkin mərhələsindən impressionizmə, ekspressionizmə qədər olan zaman kəsiyində Şubert, Şuman, Mendelson, Berlioz, Brams, List, Maler, Vaqner, Bartokun adını çəkmək yetərlidir.
     Gəlin, elə bu siyahıdanca 2 ad seçib üzərində dayanaq (əlbəttə, seçim artıq edilib, sizə sadəcə izləmək qalır). Müəyyən subyektiv səbəblərdən dolayı seçilən bu 2 adın tamamilə bir-birinə zidd xüsusiyyətləri əsasında “2 M” qanununu özünüz yozun...
     Beləliklə, buyurun oxuyun.

Qustav Maler (1860-1911)


      Maler bütün həyatı boyu beynindən çıxmayan bir fikrə mübtəla olub: 20-ci əsrin Beethoveni olmaq. Onun davranış və xasiyyətində “Beethovenvari” nələrsə vardı: eynəyinin şüşəsi arxasında gözləri fanatik alovla alışıb-yanardı, son dərəcə səliqəsiz geyinərdi, uzun, gur saçları isə mütləq pırtlaşıq olurdu. Ömrü boyu qeyri-adi şəkildə fikri dağınıq, adamyovuşmaz olub, qızdrımalı yaxud əsəbi, ürəkkeçməli adam kimi həmişə insanlardan və ekipajdan uzaq qaçıb. Onun heyrətamiz şəkildə özünə düşmən qazanmaq istedadı barədə əfsanələr dolaşır. Malerdən hamının zəhləsi gedirdi: opera primadonnalarından tutmuş səhnə işçilərinə qədər. O, orkestrə mərhəmətsizcəsinə əzab verirdi və hətta özü dirijor pultunun arxasında 16 saata qədər dayana bilirdi. Əzazil şəkildə hamını və hər kəsi danlayıb, abrını ətəyinə bükürdü... Qəribə və konvulsiv dirijorluq tərzinə görə onu “dirijor pultunun arxasında qıcolmaya mübtəla olmuş pişik” və “qalvanizasiya edilmiş qurbağa” adlandırırdılar.

Əlahəzrətin buyruğu

     Bir dəfə Malerin yanına bir qadın müğənni gələrək Vyana opera səhnəsində ifa etmək tələbini irəli sürür. Və ilk növbədə əlindəki kağızı maestroya uzadır... Bu, əlahəzrətdən gələn “ali məsləhət” idi – imperatorun özü solist qadını teatra qəbul etmək barədə Malerə təkid edirdi.
Məktubu diqqətlə oxuyan Maler tələsmədən onu parça-parça cırır, royalın arxasına əyləşir və nəzakətlə iddiaçı qadına təklif edir:
-          Beləliklə, xanım, indi zəhmət olmasa, oxuyun!
Qadının ifasına qulaq asaraq, deyir:
-          Görürsünüzmü, hörmətli xanım, hətta imperator Frans-İosifin şəxsiyyətinizə ən böyük hüsn-rəğbəti belə, sizi səsə malik olmaq zərurətindən xilas etmir...
Bunu eşidəndən sonra Frans-İosif operanın direktoru üçün böyük bir mərəkə çıxarır. Ancaq əlbəttə ki, şəxsən yox, nazirinin vasitəsilə.
-          O, oxuyacaq! – deyə amiranə şəkildə nazir Malerə çatdırır,  – imperator belə istədi.
-          Yaxşı, - deyə Maler əsəbi şəkildə müğənnini geri çağırır, - o zaman mən də afişalarda belə yazılmasını tələb edirəm:
“Əlahəzrətin buyruğu ilə”

Bu, çox sadədir

     Bir dəfə jurnalistlərdən kimsə musiqi yazmağın çətin olub-olmadığı barədə Malerə sual verir.
Maler cavab verir:
-          Yox, cənablar, əksinə, bu, çox sadədir!.. Siz heç bilirsiniz trubanı necə düzəldirlər? Dəlik açırlar və ətrafını mislə örtürlər. Bax belə, elə musiqi əsəri barədə də məsələ təxminən bu cürdür.

Kiçik xəcalət

     19-cu əsrin sonlarında Vyana konservatoriyası vokalistlər üçün müsabiqə keçirir. Müsabiqə komissiyasına sədrlik Qustav Malerə həvalə olunur.
Çox vaxt olduğu kimi əsas mükafatı, az qala, sarayla güclü əlaqələri olan, lakin demək olar, qətiyyən səsi olmayan qadın müğənni qazanacaqmış, lakin qazanmır...
Belə ki, “xəcalət” baş vermir: Maler etiraza qalxaraq sənətə sadiqliyi üstün tutur və belə həvəssiz ifaların yer tutmamasında israr edir. Müsabiqənin qalibi hörmətə layiq, cavan, istedadlı bir qadın müğənni olur.
Daha sonra tanışlardan biri Malerdən soruşur:
-          Doğrudanmı, xanım N.-in müsabiqənin qalibi olmaması həqiqətdir?
Maler ciddi şəkildə cavab verir:
-          Təmiz həqiqətdir! Hətta ershersoq (şahzadə titulu - red.) Ferdinand da daxil olmaqla, bütün saray əhli onun tərəfində idi. Ona qalib olmaq üçün təkcə bir səs çatmadı – öz səsi.

Ənənələr və novatorluq

     Bir dəfə Maler Şönberqin yenilikçi “kamera simfoniyası” məşqlərində iştirak edir. Şönberqin musiqisi yeni hesab olunurdu, bir sözlə, hər şey dissonanslar üzərində qurulmuşdu. Bu isə Malerin “klassikası” üçün səslərin kobud yığını demək idi, kakofoniya... Məşqin sonunda Maler orkestrə tərəf çevrilərək:
-          İndi isə, cənablar, yalvarıram sizə, mənimçün – bu qoca üçün adi bir qamma ifa edin. Yoxsa, gecə rahat yata bilməyəcəm.


     Qustav Maler Vyanada kral opera teatrına 10 il rəhbərlik edib. Həmin illər onun dirijor fəaliyyətinin çiçəklənən dövrü olub. 1907-ci ilin yayında o, Amerikaya yola düşür. Vyana teatrındakı direktor vəzifəsini atmaqla, Maler öz ordenlərini ona məxsus olan kabinetdəki stolun rəfində qoymuşdu...
     Bunları tapıb-aşkarlayanda teatrın əməkdaşları onun öz qiymətli reqaliyalarını təsadüfən, huşsuzluqdan unutduğunu fikirləşir. Və onlar bunu Malerə çatdırmağa tələsirlər.
Okeanın o tərəfindən cavab o qədər də tez gəlmir və kifayət qədər gözlənilməz olur.
“Mən onları öz varisim üçün qoymuşam” – yazmışdı Maler.

Yuxarıdan işarə

     Həyatının axırıncı yayında Malerə ömrünün sonunun yaxınlaşması barədə qorxunc xəbərdarlıq gəlir.
     Bəstəkar Tolbaxda kiçik daxmasında işlədiyi zaman otağa fışıltıyla, səs-küy və qarıltıyla nəsə böyük və qara bir şey soxulur. Maler stolun arxasından atılır  və vahimə içində divara qısılır. Bu, otağın içində qeyzlə dövrə vuran və məşum səslər çıxaran qartal idi. Qartal qeyb olan kimi, birdən divanın altından bir qarğa pırıldayıb uçur, çırpınır və o da həmçinin uçub-gedir.
“Qarğanı təqib edən qartal... Bu, əbəs yerə deyil, yuxarıdan işarədir... Doğrudanmı mən o həminki qarğayam, qartal isə - mənim taleyim?!”, - deyə Maler özünə gələndə karıxmış halda deyir.
     Bu hadisədən bir neçə ay sonra Maler dünyasını dəyişir.


Feliks Mendelson (1809-1847)


     Mendelsonun Beethoven ehtirası Maler qədər olmasa da, hər halda bir çox əsərlərində açıq-aşkar gözə çarpacaq dərəcədədir. Beethovenin bir çox kvartetləri, sonataları və xüsusilə 2-ci simfoniyasındakı final xorunun izlərini Mendelsonun bir çox əsərlərində tapmaq olar. Lakin Mendelson təkcə Beethovenin deyil, həm də Motsartın böyük heyranı olub. Həyatına daha dərindən nəzər saldıqda isə məlum olur ki, onun ən böyük kumiri... Bax olub! Bəli, bəli, İohan Sebastyan Bax! Əslində Mendelsonun xarakterinə nəzər salarkən onda “Beethovenvari” heç nə olmadığı da aydın olur: ifrat dərəcədə ənənəpərəst, sənət qayda-qanunlarına böyük dəqiqliklə riayət edən və hər kəsi bunlara tabe etdirmək üçün əlləşib-vuruşan bir xarakter...
     
     Amma Mendelson haqqında o qədər də neqativ fikirlər səsləndirmək düzgün olmazdı. Sadəcə bir əsərə görə,“Yay gecəsində yuxu”.
     Şekspirin eyniadlı əsəri əsasında yazdığı bu musiqi hamımıza tanışdır. Bu gün evliliyin simvoluna çevrilən məşhur “Toy marşı”nı Mendelson məhz, 17 yaşında bəstələyib.
Mendelsonun fikir dünyasının və kültürəl baxışlarının formalaşmasında dahi alman şairi Götenin böyük rolu olub. Eyni zamanda, müasiri olan Vaqner də ona güclü təsir göstərib. Buna baxmayaraq o, “Bax zehniyyətinin qurbanı” olub, desək, o qədər də mətləbdən yayınmış olmarıq. Dövrün son dərəcə dinamik düşüncə və sənət həyatının müxtəlif cərəyanları içində Mendelsonu “romantiklərin klassikinə” çevirən də, tərəqqisevər bir çevrə daxilində onu “mühafizəkarların lideri” halına gətirən də bu Bax zehniyyəti olub.
     
     Mendelsonun bu vəziyyətini göstərən, fəqət daha az tanınan bir tərəfinə də işıq salaq: o, böyük bir etina və vasvasılıqla öyrətdiyi qaydaların hamısına mütləq riayət edərək hər əsərinə səliqə-sahman vermək üçün ifrat dərəcədə əlləşərdi. Buna görə də üsyankarcasına həmlələr edən Hektor Berlioza heç vaxt anlayış göstərmədi. Sağlam fikrə və baxışlarına zidd görünən hər şeyə düşmən oldu. Çağdaşlarının cürətli hədəflərindən daha çox, ənənələrə bağlı qaldı. Ədəbiyyat və estetika sahəsində yetəri qədər kültürə sahib olan, lakin Bax zehniyyətindən qurtula bilməyən Mendelsonun bəsətəkar kimi yaradıcılığı isə ürəkaçandır. Musiqiçi kimi onda romantik xüsusiyyətlər üstünlük təşkil edir. Məhz bu nöqtədən etibarən Mendelsonun yaradıcılığında Beethovenin xoş, təqdirəlayiq izləri görünməyə başlayır.


Monday, July 28, 2014

“İstisna məsələsi”



(Vladimir Levidən seçmələr)  

     Lətifəvari bir hadisə yadıma düşür. Psixiatriya xəstəxanasında işlədiyim zaman öz xəstələrimdən birinin işi ilə əlaqədar hüquq məsləhətxanasında oturub növbə gözləyirdim. Kabinetin qapısı açıldı, hirslənmiş cavan bir qadın və onu lütfkarcasına bayıra çıxaran ahıl hüquqşünas göründü.
-        Əziz vətəndaş, mən sizə izah edirəm axı. Zorlama üzrə mütəxəssis üzbəüzdəki kabinetdədir.
     

     Mən: “Nə etmək olar, - deyə düşündüm, - əsrimiz dar ixtisaslaşma əsridir”. İnsanın isə minbir dərd-səri var: o, nakam məhəbbətin əsiridir, o qızarır, ağarır, qısqanır, diş həkimlərindən qorxur, pis yatır, yuxu dəlisidir, iş qabiliyyətini itirir, dazlaşır, arıqlayır, kökəlir, az qazanır, ər-arvad vəzifələrini yerinə yetirəndə səriştəli tərpənə bilmir, tez özündən çıxandır, başqalarına həsəd aparandır, qayınatasından çəkinir, həmişə ilhamlı ovqatda olmağa can atır, məhəbbətdən yan keçə bilmir, ölüm barədə düşünür, mənzilə ehtiyacı var, tənbəldir, həyatın mənasını dərk etmir, istəyir ki, xudpəsəndliyi az olsun və adamlara daha artıq yovuşsun, çox bilmək, az düşünmək, şəxsi xoşbəxtliyini qurmaqda daha inamlı olmaq istəyir, itdən qorxur, eyni zamanda da dünyanı ağ günə çıxarmaq ümidindədir...
     Öz-özümə deyirəm ki, qəribə təkrarolunan əhvalatdır – qəribə və təkrarolunan. Sən psixiatrsan, həkim-psixoloqsan, psixoterapevtsən və i.a... Nələri isə bilmisən, kimlərəsə kömək eləmisən, bundan sonra da kömək etmək istəyirsən. Məqalə yazırsan, kitab yazırsan – “nəyi”, nə üçün” və “necə”ni başa salmaq istəyirsən. Fikirlərini aydın şəkildə şərh edirsən: oxu, anla, hərəkət elə. Özünüzü pis hiss edirsiniz? İzah edirəm nə üçün. Əhvalınız mümkün qədər yaxşılaşsın deyə, nəyi necə etmək lazım olduğundan danışıram. Bir şey çıxmır?.. Yenidən izah edirəm, göstərirəm...
     Məktublar gəlir.
     Budur – ura, afərin! Çatdı!.. Təsiri oldu, kömək etdi!..
     Budur – az-maz çatdı...
     Bu da biri, digəri, üçüncüsü...
     Utancaqlıqdan necə qurtulmaq barədə növbəti məqalədən sonra, bütöv bir kitabdan sonra! – məktublar gəlir. Siz bilən kimlərdən? Utancaqlardan. Hamısı onlardandır. “Hə, oxudum, əladır, çox sağ olun, hər şey aydındır, gözəl məsləhətlərdir... İndi isə, əzizim, mənə deyin görüm utancaqlığın daşını encə atım?”
     Necədir sənin üçün!
     Bəlkə bu elə xüsusi haldır ki, nəzərə ala bilməmisən?.. Yox, Son dərəcə tipik haldır.
     Bəlkə oxucu pisdir? Oxumağı bacarmır, anlamaq istəmir?
     Yox, adi oxucudur. Yox, səfeh deyil.
     Yoxsa paradoksal korluqdur bu? Biri yalnız özünə aid olanı görür, digəri həddən artıq “ayıq” olduğundan heç kitabı görmək istəmir...

     “Mənə kömək edin. Sizin yazdıqlarınız MƏNDƏN başqa hamı üçün yazılıb. Axı mən dünyada heç kəsin başa düşmədiyi bir adamam.
Axı, məsləhətləri BİR QAYDA OLARAQ verirlər və hamıda hər şey qaydasında alınır, təkcə məndə alınmır. Mən qayda deyiləm! Mən – İstisnayam!... Qayda olmaq istəmirəm, ola bilmirəm, bu, maraqsız olardı! Bu, dəhşət olardı! Hamı ilə tənləşmək istəmirəm!..”
     Elə düşünməyin ki, indi mən özünü istisna hesab edən bu müştəbehin dərsini verəcəyəm.
     O, doğrudan da, İstisnadır. Siz də İstisnasınız. Mən də İstisnayam.
      Nədənsə biz bir qayda olaraq ölürük: nə üçünsə bir qayda olaraq bu qaydadan istisna olmaq istəyirik. Bir çox başqa qaydalardan da.
     Mətləb, bax, burdadır.

Saturday, July 26, 2014

Beethoven: Da-da-da-daaaaa...!


(ayaq üstə oxumalı)

     Bir müddət öncə start verdiyimiz “Klassik Qərb musiqisi” layihəsinin bəlkə də kulminasiya nöqtəsinə çatmış sayılırıq. Renessans dövründən üzü bu yana gələ-gələ modernizmin qapısına çatdıq və bu məqamda dərin bir nəfəs almalı olduğumuzu düşündüm. Diqqətli oxucuların nəzərindən qaçmış olmaz – bir neçə yazıda adı istər-istəməz dəfələrlə vurğulanan bir şəxs vardı. Napoleonla aşıq-aşıq oynayan, klassizmdən romantizmə körpü çəkən, indinin özündə belə, bütün Avroponı ayağa qaldıran (“Ode To Joy”), tarixin ən məğrur kar bəstəkarı... Lüdviq van Beethoven.


     Düzünü deyim, onun haqqında quru-quru araşdırma yazısı yazmağa sadəcə əlim gəlmədi. Çünki baxın, necə alınardı:
“Dahi alman bəstəkarı Lüdviq van Beethoven 1770-ci ildə Bonn şəhərində dünyaya göz açıb. 1792-ci ildə Vyanaya yollanan Beethoven burada tezliklə istedadlı pianoçu kimi ad-san qazanıb. Vyanaya gələrkən ən böyük arzusu Motsartla görüşmək olsa da, Motsartın vəfatı onun arzusunu gözündə qoymuşdu. Yəqin ki, bunun heyfini çıxmaq üçün o, bir neçə pedaqoqla yanaşı,  Motsartı zəhərləyib öldürən Antonio Salyeridən də musiqi dərsləri alır (zarafat öz yerində - R.S.). Zarafat bir yana duranda, bəlkə də bu, tarixin ironiyası idi: Beethoven də öz istedadı ilə Salyerini kölgədə qoyub öldürəcəkdi (Bu da yeni bir meta-poemanın süjet xətti olsun. Müəllif yeni Puşkinlərin yarana biləcəyinə səmimi qəlbdən inanır).“
     Öz aramızdı, tez-tələsik ölüb aradan çıxmaqla Motsartın da bəxti yaman gətirmişdi amma.
     Nəhayət, Beethoven 1827-ci ildə vəfat edib.“
     Bax, belə bir şey alınardı...
 *****
      Qayıdaq Beethovenə. Deməli, kar olub, yaman eşqbazlıq edib, həm də “əlçatmaz” sayılan evli yaxud zadəgan qadınlara xüsusi marağı olub. Buna baxmayaraq, Beethovenin ən güclü və son sevgisi “Əbədi sevgim” kimi qələmə aldığı bir qadınla bağlıdır. Qraf fon Deym adlı zadəganın gənc dul qadını ilə yaşadığı eşq macərası və həmin qadına yazdığı uzun-uzun məktublar əsasında 1994-cü ildə eyniadlı “Immortal Beloved” (“Əbədi sevgili”) filmi çəkilib.
Şəxsi həyatındakı odlu-alovlu yaşantılarına baxmayaraq, Beethovenin yaxın qohumları, dost-tanışları ilə münasibəti olduqca bərbad olub. Bunun səbəbləri arasında, getdikcə güclənməkdə olan karlığın verdiyi əzab-əziyyəti də nəzərə almaq lazımdır.

     Yeri gəlmişkən, film haqqında bəzi nüanslara xüsusi diqqət yetirmək yaxşı olardı.
Film “5-ci simfoniya”nın təntənəli giriş musiqisi ilə başlayır. Bilənlər bilir, Beethovenin ən tanınmış əsəri məhz budur. Bu möhtəşəm musiqini mütləq tanıyırsınız: Da-da-da-daaaaa...! da-da-da-daaaaa!!! Beethoven özü bu leytmotivin fəlsəfi yükünü belə xarakterizə edir: “Tale qapını döyür” (yəqin ki, Əzraili nəzərdə tutur). Bu söhbəti bağlamaqsa ingilis yazarı Forsterin boynuna düşür. O, 5-ci simfoniyanı belə təsvir edir: “İnsan qulağının eşidəcəyi ən gözəl səslər”.

     Film Beethovenin dəfn mərasimi ilə başlayır, 9-cu simfoniyanın premyerası ilə tamamlanır. Premyera zamanı simfoniyanın 4-cü hissəsi ifa olunarkən Beethoven orkestrin qarşısına çıxır və musiqi sədaları altında uşaqlıq illəri gözlərinin önündən keçməyə başlayır. Sonluq isə tükürpədicidir... Arxası tamaşaçılara tərəf olan Beethoven simfoniyanın sonunda hamının ayaqüstə qalxıb onu alqışladığını eşitmir. Dirijorun onun kürəyinə toxunuşundan sonra geriyə çevrilir və... Deyilənə görə, real həyatda Beethoven həmin məqamda hönkür-hönkür ağlayıbmış.

     9-cu simfoniyanın 4-cü hissəsi dahi alman yazarı Şillerin “Sevincə doğru” (Ode To Joy) əsərinin süjeti əsasında yazılıb. “Ode To Joy” bütün bəşəriyyəti qardaşlığa və bunun uğrunda mübarizəyə səsləyir. Məhz bu parça 1972-ci ildən etibarən Avropa Birliyinin marşı seçilib (ayağa qalxıb oxunur!).

     Ümumiyyətlə, filmdə 3 ən yaddaqalan səhnə var (yəni, məncə). Bunlar Beethovenin ən çox sevilən və tanınan kompozisiyaları ilə bağlı olan səhnələrdir. Birinə artıq yuxarıda tamaşa etdik. Digər ikisi isə “Ay sonatası” və “Eliza üçün” piano kompozisiyılarını Beethovenin özünün ifa etdiyi səhnələrdir. Film barədə yüngülvari şərhlərə nöqtə qoyub, keçid alaq Beethovenin baxışlarına, musiqisinə, həyat tərzinə.

     Yuxarıda qeyd olunmuş bir faktın üzərinə qayıdaq. Beethovenin münasibətdə olduğu insanlarla çox pis davrandığı heç kimə sirr deyil. Bunun əsas səbəbi təkcə xəstəliyin yaratdığı çətinliklər deyildi, əsəbi gərginlik də bu məsələdə öz sözünü deyirdi. Bütün bunlara baxmayaraq onun ətrafında həmişə səmimi dost mühiti olub. Şəxsiyyətindəki əzəmət ona çox dəyərli insanlar, səmimi dostlar qazandırıb.

     Bir çox mənbələr Beethovenin hakim təbəqəyə və sosial rütbəcə özündən üstün olan şəxslərə nifrət etdiyi göstərir. O, konsert zamanı tamaşaçıların musiqiyə qulaq asmaq əvəzinə aralarında söhbət etdiyini və ya konsertə lazımı diqqət yetirmədiyini görəndə musiqini yarımçıq saxlayıb konserti tərk edərdi. Ziyafətlərdə kiminsə ona gözlənilmədən nəsə ifa etmək sifarişini dərhal rədd edərdi. Tədricən, bu kimi bir çox qarşıdurmalardan sonra hersoq Rudolf saray etika qaydalarından bəzilərinin Beethovenə tətbiq olunmaması haqqında fərman verməli olur.
*****
  
     “Musiqi kişilərin qəlbini alovlandırmalı, qadınlarınsa gözünü yaşartmalıdır.” Beethovenin sözləridir, öz yaradıcılığına necə də dəqiq diaqnoz qoyub. Məhz belə: “... alovlandırmalıdır”. Əgər siz 5-ci simfoniyadakı xəfif passajları, dəyişən ritm fonunda gur dağ çayı kimi aşıb-daşan melodik partiyaları eşitmisinizsə, bu təsvirlər sizə qətiyyən şişirtmə gəlməzdi. Gör bir hələ alman dramaturqu Bertolt Brext nə deyib: “Beethovenin musiqisi mənə hər zaman bir müharibə rəsmini xatırladır.”

     Bəs “Pastoral”? Onun haqqında danışmamaq olarmı?! Pastoral (6-cı simfoniya - bilənlər müəllifi üzrlü hesab etsin) Beethovenin təbiətə vurğunluğunun ən gözəl musiqi ifadəsidir. Ümumiyyətlə, gəlin əvvəlcə bir az rahatlaşaq, söhbətimizin davamı üçün bu, çox vacibdir. Yeri gəlmişkən, yarımbaşlığa hələ də əməl edən varsa, daha otura bilər.
     Deməli, belə. Terminlər lüğətindən vərəqləyib yada salaq ki, pastoral çoban həyatını idiliya şəklində təsvir edən bədii və ya musiqi əsərinə deyilir. İdilliyanın da təbiət qoynunda sakit həyatı ifadə edən bədii əsərə deyildiyni axtarıb tapdıq. Vəssalam. Artıq “Pastoral” simfoniyası haqqında bilməli olduğumuz hər şeyi bilirik. Bircə qalır, bu möhtəşəm musiqini dinləmək və ...
     Vəsi odur ki, bu musiqiyə qulaq asdıqca, ilin dörd fəsli gözləriniz önündə canlanacaq (Vivaldinin “İlin fəsilləri” ilə qarışdırmamalı), hətta özünüzü dağın döşündə, yaşıl çəmənlikdə asudə hiss edəcəksiniz. Payız fəsli hissəsində zərb alətlərinin ifasında şiddətli göy gurultusunu, simli alətlərin simasında dəhşətli külək vıyıltısını dinləyərkən qaçıb çarpayının altına girə ya da çətir axtarmağa başlaya bilərsiniz.
     İkinci hissədə valehedici klarnet səsini, bülbül səsi kimi adamı həyəcanlandıran fleyta səsini, bildirçin səsini xatırladan qoboy ifasını eşidərkən, “kaş ki, kənddə yaşayardım” deyə düşünə bilərsiniz.
     Adama elə gəlir, “Pastoral”da texniki olaraq sanki musiqi yoxdur. Yəni, yadda saxlayıb sonradan zümzümə edəcək melodik parçalar gözə dəymir. Sadəcə təbiət təsviri var. Hər şey təbiətdə olduğu qədər təbii, yerli-yerindədir. Musiqi alətləri isə eynilə rəssam fırçasını xatırladır.

     “Ay işığı” sonatası... Beethoven haqqındakı, eyni zamanda içimdəki Beethoveni ifadı edən yazıya bu gözəl musiqinin tutqun, zərif akkordları altında nöqtə qoymaq istərdim. Bəşəriyyətin qaranlıq, səssiz illəri arxasında əriyib-itən saysız-hesabsız insan ömrü... Çox-çox uzaqlardan səpələnib yayılan sonsuzluq qoxusu... Və bütün bu sirli, anlaşılmaz duyğuların arxasından boylanan məğrurluq.