Sunday, September 21, 2014

Unforgiven (postmodern esse)

Bu yazı canlı əfsanə "Metallica"nın mahnı mətnləri əsasında hazırlanıb və 3 hissəli möhtəşəm "Unforgiven" (Bağışlanılmaz) kompozisiyasının strukturu üzərində qurulub...

Gəl, balaca dostum, gəl. Bir az söhbət edək səni əzən nəsnələrdən. Onların sənə etdiklərini bilirəm. Bu dünyaya gələn kimi o biri dünya haqda danışdılar sənə, dərhal boyun əydirdilər. Dözülməz qürur qırılmaları ilə onların qaydalarını öyrəndin. Ağrılar keçər zamanla düşünərək, getdikcə özünə qapandın. Nə hiss etdinsə, nə bildinsə, göstərdiklərinin içində parıldamadı əsla. Haqsızlığa məruz qaldığını anladın tezliklə, bütün şəxsi düşüncələrindən məhrum edildiyini də. Heç özün olmadın, heç azad olmadın. Və bəzi şeylərin heç dəyişməyəcəyini qəbul etdin...

 

Məsum körpəliyinə xas olan göz yaşların, indi çarəsizliyini ifadə edən mayeyə çevrilib. Hər kəsin saf gəlib kirləndiyi bir oyundur bu. Öz "mən"liyini kəşf etdiyin uşaq oyunlarından fərqli olaraq, öz mənliyini itirməyə məcbur edən bir oyun... Kədərsiz körpə çığırtıların indi kədərli səssizliyə qərq olub, amma mən səni eşidə bilirəm. Hələ ki özünü aldatmağı öyrənməmisən. Təəssüf edirəm bir gün bunu öyrənməli olduğuna. Hələliksə bu mümkündür: uzan yanıma və  qəlbini aç. Eşitmək istədiyim sözləri söylə, içimizdəki şeytanları məhv etsin deyə. Əlbəttə, qapı qıfıllıdır. Amma açılacaq sən səmimi olsan...

Qarşımda cavan bir oğlan görürəm. Hey, sən, eşidirsənmi məni?! Sən həminki körpəsənmi? Üzündəki qırışlardan tanıdım səni. Qəbul etmək istəməsən də, hesablaşmalı olduğun ağrılı həyatın nişanələridir onlar, bunu bilirəm. Evi erkən yaşda tərk etdin - ən parlaq alov ən tez yanıb kül olandır... Bir oğulun qəlbi anaya bağlıdır, lakin öz yolunu tapmalıydın. Etiraf et, onun sevgisindən bezdin, bütün söylədiklərindən də. Çünki duyduqların yanlış idi, o sadəcə sənə öz boşluqlarını vermişdi. Buna görə də onu tərk etdin və bununla da, həyatda ilk doğmalığı itirdin. İlk dəfə öz tənhalığını kəşf etdin. Amma heç vaxt bağışlanmağı istəmədin. Çünki bağışlanılmaz olan sən deyildin əslində...
Onlar isə sənə doğma deyil. Qəddarcasına bütün həyatlarını həsr edirlər sənin yaşamınla mübarizə aparmağa. Sən isə hamısını məmnun etməyə çalışırsan, ey ağrılı insan. Həmişə eyni şey - həyatın boyunca davamlı mübarizə. Lakin qazana bilməyəcəyin bir savaşdır bu. Əhəmiyyətsiz hesab etdiyin xəyallarla ağrıya səbəb olan sən idinmi?! Qorxmuşdun, hər zaman da qorxdun hiss etdiyin şeylərdən. Ancaq bağışlanılmaz bir  dəyişiklikdir bu, ruhun ikinci dəfə öz doğmalığına əlvida dedi...


Orta yaşlı bir insan. Nə işin var sənin burda?! Günahkar hesab edildin, amma lənət olsun, doğru deyil bu. Səni idarə edən başqa kimsə var? Onlar səni ölümlə hədələyirlər. Kim tanrı etdi ki onları, "həyatını səndən alacağam!!!" deyə bilirlər? Həyatı hiss et qəlbin çırpınarkən, amma səbrsiz olma açıqlamaq üçün. Yaşayacağın zamanın öhdəsinə burax. Ruhuna zidd olan heç bir şey gerçək deyil, ağrısı gerçək olsa da... Səni azad edəcək sona ehtiyacın var, amma ruhuna zidd intihar cəhdləri öldürür səni. Hara gedə bilərsən ki, əgər gedəcək bir yerin yoxdursa. Və necə itmiş ola bilərsən canlandırdığın xatirədə?! Və bütün bu dözülməz ağrılara görə onları necə günahlandıra bilərsən, bağışlanılmaz hesab etdiyin özün ikən?..

Yorğun bir insan görünür indi sadəcə. Artıq, heç bir şeyi vecinə almayan. Həyatının ətrafında ora-bura qaçmaqdan yorulub, alkoqol içində yatan. Yaşamaq istəyini itirən, hiss etdiyi cəhənnəmə dözə bilməyən. Heç bir şey önəmli deyil, daha heç kim. Boşluq doldurur içini, əzab nöqtəsinədək. Gerçək ola bilməz bu... Sadəcə o xilas edə bilərdi özünü, amma artıq çox gecdir. İndi ölmək zamanıdır. Düşünə bilmir niyə sınamalı olduğunu belə. Son dəfə çevrilib uzaqlara baxır və sonuncu ümidinə səslənir: "Orda ola bilərsənmi, çünki səni gözləyən adamam mən. Yoxsa sən də bağışlanılmazsan?"...
Yaşlı adam hazırlaşır o zaman, peşmanlıq içində ölməyə. Həmin o yaşlı insan mənəm.

Buna görə sizi  bağışlanılmaz elan edirəm!
23 sentyabr, 2010

Friday, August 22, 2014

Şap elə bilir şupdadır


     İnsanlar uzun illər boyu bu suallara cavab axtarıblar: Toyuq əvvəl yaranıb, yoxsa yumurta? Stəkan yarıya qədər doludur, yoxsa yarıya qədər boş? Toyuq yolu niyə keçdi? və s. Ayrı-ayrı vaxtlarda bu sualların hər birinə cavab tapdığıma baxmayaraq, bu cavabların insan həyatı üçün bir qram da əhəmiyyət daşımadığı qənaətinə gəlmişəm. İndicə hamısını ətraflı izah edəcəm.

 
 
     Elə birinci sualdan başlayaq. Toyuq yoxsa yumurta? Cavab verirəm: yumurta. İzahı əslində çox sadədi, kiçik bir məntiqi priyom. Təkamül nöqteyi-nəzərindən, yumurta bir nəsilartırma vasitəsi olaraq toyuq və ümumiyyətlə, quşlardan çox-çox əvvəl yaranıb. Bunu sürünənlərdə (məsələn, ilan) də müşahidə etmək olar, hətta dinozaurların da yumurta qoymaqla çoxaldığı insan övladına sirr deyil. Yox, əgər söhbət məhz toyuq yumurtasından gedirsə, o da ilk dəfə bir toyuğun qarnında formalaşan yumurtaya deyilir və aydın məsələdir ki.. toyuqdan sonra yaranıb. Bəs ilk toyuq necə yaranıb? Hər halda dinozaur yumurtasından çıxmayıb, amma yumurta ilə çoxalan heyvanların təkamülü nəticəsində uzun illər ərzində formalaşıb. Və toyuqlar inkişaf etdikcə, yumurtaları da özlərinə uyğun dəyişib, inkişaf edib.


     Yarıya qədər su olan stəkan - yarıya qədər doludur, yoxsa yarıya qədər boş? Daha bir kvadrat sual, az qala pessimist və optimistlərə bu stəkanla diaqnoz qoyub yola salırlar işlərinin dalıyca. Cavab verirəm: bu, stəkanın əvvəlki vəziyyətindən asılıdır. Yəni, stəkan əvvəl dolu idisə, indi yarıya qədər boşalıb və ya əksinə. Bu misaldan alınacaq dərs ondan ibarətdir ki, hansısa situasiyanı qiymətləndirərkən əvvəlki vəziyyəti və indiki hala gətirib çıxaran səbəbləri də nəzərə almaq lazımdı. Məşhurlardan biri demişkən, hər hansı problemdən çıxış yolu elə giriş yerindədir. 


     Və sonuncu sualımız. Psixologiyada uzun illər məhək daşı olan, hətta filosofları da əsrlər boyu narahat edən o məşhur sual: Toyuq yolu niyə keçdi? Heç dəxli var?! Keçdi, lap əcəb elədi, hələ üstəlik qarnında dinozaur yumurtasını da yolun o biri tərəfinə keçirdi, başqa? Bəlkə o keçdiyi elə demoktratiya yolu imiş, xəbərimiz yox?! Bəlkə bizim bu toyuq yolu keçib gedirmiş eşşəklərin (ABŞ-da Demoktratlar Partiyasının simvoludur) yanına?! Qısası, belə lazımsız işlərə və suala görə beyin hüceyrələrinin ömrünü qısaltmağa dəyməz. 


     İndi daha aşikar göründüyü kimi, bu sərsəm suallar həyatımızın axınını dəyişəcək bir qüdrətdə deyillər və dərhal istifadədən çıxarılması şiddətlə tövsiyə olunur.


P.S. Uzun illər sürən gərgin araşdırmalardan sonra nəhayət ki, alimlər bu yaxınlarda daha bir sualın cavabını tapa biliblər: Həyat nədir?

Bu barədəysə bir qədər sonra.

Friday, August 1, 2014

Bəstəkarlar ziyafətdə



    

     Ravel Fransa musiqisinin ən ünlü inqilabçılarından biridir. Hələ gənc yaşından etibarən kumiri olduğu Klod Debüssinin təsiri altına düşüb. Nəticədə, Debüssinin müxtəlif əsərlərinə qarşılıq olaraq bir-birindən maraqlı əsərlər yaradıb.
     Moris Ravelin ən çox tanınan və sevilən əsəri “Bolero”dur. O, bu möhtəşəm orkestr əsərini 1930-cu ildə rəqqas İda Rubinşteyn üçün yazıb. Bu ispan rəqsi “3/8” ölçülü bir mövzunun dəyişik alətlər və dəyişməyən ritmlə daimi təkrarından ibarətdir.
     Ravelin ünlü əsərlərindən biri də Birinci Dünya Müharibəsində sağ əlini itirən dostu pianoçu Pol Vitgenşteyn üçün yazdığı sol əl üçün piano konsertidir.

     Nikkolo Paqanini italiyalı əfsanəvi skripka ifaçısı və bəstəkardır. Onun ifaçı-bəstəkar kimi yetişməsində musiqiyə sonsuz sevgisi olan atasının böyük zəhməti olub.  Hələ uşaq ikən ona mandolin çalmağı öyrədir. Nikkolo daha sonra skripkaya başlayır.
     Paqanini bir dəfə konsertdən qabaq skripkasına qədər hər şeyini qumarda uduzur. Levron adlı bir fransız taciri sənətkara nəfis bir “Guarnerius” skripkası hədiyyə edir və Paqanini ancaq bu yolla konsertini gerçəkləşdirə bilir.
     Bundan sonra onun həyatı Vyanadan Berlinə, Parisdən Londona qədər bütün Avropa şəhərlərində parlaq konsertlər verməklə keçib. Ən ünlü əsəri “24 capriccio Op. 1”əsəridir.

     Salyeri bəstəkarlıqdan əlavə müəllimlik də edib, Şuberti yetişdirib, Beethovenə vokal texnikası dərsləri verib. Salyeri bir ara böyük alman bəstəkarı Qlyukla da dostluq edib və birlikdə “Les Danaides” adlı opera yazıblar.
     Antonio Salyeri bundan başqa Motsartın çağdaşı, yaxın dostu və deyilənlərə görə, ... qatili olub.

C. Rossini - Sevilya Bərbəri

     Rossini həm əsərləri, həm də yaşam tərzi ilə diqqət çəkən bir bəstəkar olub. Bir dəfə konsertdən qabaq salona daxil olarkən bir xanım qaçaraq onun yanına gəlir və “Sinyor, ilk dəfə sizin ariyalarınızı ifa edəcəyəm və çox qorxuram” deyir. Ünlü bəstəkarın cavabı çox qısa olur: “Mən də...”

     Şubert özünün məşhur “Tamamlanmamış Simfoniya”sı barədə bir dostuna bunları söyləyib: “Dostum, bu əsəri dinlərkən gözlərinin önündə sağlamlığı əsla bərpa olmayacaq, parlaq ümidlərindən heç biri gerçəkləşməyəcək və həyatı yarımçıq qalacaq bir insanı canlandırmalısan”. Tamamlanmamış Simfoniya illərlə, hətta yüz illər boyunca yaddaşlarda bir sual kimi qalıb. Hətta 1920-ci ildə Nyu Yorkda simfoniyanın tamamlanması üçün müsabiqə də keçirilib, ancaq yarışın qalibi olacaq səviyyədə əsər tapılmayıb.

     Smetana on bir uşaqlı bir ailənin övladı idi və həyatı çətinliklər içərisində keçib. Ölümü isə çox acınacaqlı olub. Smetana uşaqlığında özünə Motsartı örnək götürmüşdü. Hətta xatirə dəftərində hələ uşaqlıq illərində yazdığı bu qeydə ölümündən sonra rast gəlindi: “Bəstəkarlıqda Motsart, texnikada isə List olmaq istəyirəm”.

     Brams musiqi dünyasının bu qaşqabaqlı nəhəngi, Beethovenə xüsusi bir heyranlıq bəsləyib. Hətta dönəmin nüfuzlu musiqi adamları Bramsın birinci simfoniyası barədə “Əgər Beethoven onuncu simfoniyasını yazsaydı, bax, belə bir şey olardı” demişdilər. Brams bundan başqa Şumandan da təsirlənmişdi. Şumana yazdığı bir məktubda “Sənin musiqin də məni eynilə, Beethovenin musiqisi kimi təsirləndirir. Yeni bir simfoniya ya da uvertüra eşidincə özümü o əsər tərəfindən həbs edilmiş kimi hiss edirəm” deyirdi.

     Hendel Almaniyada doğulub, İtaliyada inkişaf edib və İngiltərədə şan-şöhrətə və var-dövlətə qovuşub. Həm cərrah, həm də bərbər olan atası oğlunun musiqiçi olmasını heç istəmirdi. Hendel evdən qaçır və kilsələrdə orqan və klavesin çalmağa başlayır. 25 yaşında çatanda isə Londona gedib Britaniya vətəndaşlığı alır və İngiltərənin ən çox diqqət mərkəzində olan şəxsləri arasında yer alır.


     Bax ailəsinin kökü 1561-ci ilə, Hans Baxa qədər uzanır. Bizim yaxşı tanıdığımız Yohann Sebastyan Bax isə 1695–ci ildə doğulub, yəni tanınan ən “köhnə” Baxdan 124 yaş kiçikdir. Məsələnin maraqlı tərəfi odur ki, Yohann Sebastyan Bax ailənin 32-ci musiqiçi üzvüdür. Ailənin ilk musiqiçi üzvünün Hasn Bax olduğu ehtimal edilir. Yohann Sebastyan Bax dəyirmançı olan babasının babasının babasının (7-ci nəsil) bu gün çox az rast gəlinən bəstələri üçün bunları söyləyir: “Küləyin çıxardığı səsi elə gözəl işləyib ki, iddia edirəm, üyütdüyü un musiqisi qədər gözəl deyil”.

     Pörsel İngiltərədən nadir çıxan bəsətəkarlardan biridir. Ölümü isə xeyli ilginc olub. Gecələr sadəcə saat on birə qədər evdən çıxmasına icazə verilən Pörsel yağışlı bir gecədə evə daha gec döndüyünə görə həyat yoldaşı onu içəri buraxmır və ünlü bəstəkar yağış altında gözləyərək soyuqdəymədən ölür. Pörsel xüsusilə Şimali Afrika və Şərq mövzularında təqdirəlayiq əsərlər yaradıb. Hətta “Qordiyon Düyünü” adlı bir şeir də bəstələyib.


Musiqi terminləri:


Çardaş - Macar xalq rəqsidir (macar dilində "csarda" - meyxana). Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilib: Listin "Macar rapsodiyaları", Bramsın "Macar" rəqsləri", Çaykovskinin "Qu gölü" baleti və əlbəttə ki, Montinin “Çardaş”ı.
Kastanyet – İspaniya və Cənubi İtaliyada xalq musiqisində geniş istifadə olunan şabalıdabənzər, bir-birinə bağlanmış iki taxta parçası. Bolero, fondaqo və tarello kimi xalq rəqslərində bəzəyici bir ritm ünsürü
kimi yeri əvəzolunmazdır.
Romans – Bəstəkarın hansısa qəlibə uyğunlaşmaq məcburiyyətində olmadığı, daha çox “romantik” parçalara verilən ad.
Leitmotiv (alm.) – Obrazların ya da hadisələrin tanıdılması üçün istifadə edilən melodik, ritmik və ya harmonik xarakterli musiqi parçaları. Xüsusilə, operada çox rast gəlinir. Vaqnerin operalarında “leytmotivlərin” xüsusi bir önəmi var.
Bemol – Qarşısındakı notu yarım ton bəmləşdirən musiqi işarəsi
Diyez (fran. Diése, ing. Sharp, alm. Kreuz) – Bemolun əksi. Yəni, qarşısındakı notu yarım ton yüksəldir.
Mezzo (ital.) – Yarı, yarım
Camera (ital.) – “Otaq” mənasını verir. “Sonata da camera” ya da “concerto da camera” dindənkənar xüsusiyyəti olan intrumental musiqiləri ifadə etmək üçün istifadə olunan terminlərdir. “Sonata da camera” müxtəlif rəqslərin ard-arda ifa edilməsi baxımından süitaya bənzəyir.
Capella (ital.) – Bir musiqi parçasını səsləndirən müxtəlif alətlərdən ibarət birlik.
Cavatina (ital.) – Daha “arıq”, daha sadə bir ariya növü.
Falsetto (ital.) – Kişi səslərinin normal diapazondan xaric uca, qadın səsinə bənzər səslər çıxarmaq məqsədilə əl atdıqları üsul.
İmprovisation (fran.) – Sərbəst ifa ya da şərh. Musiqini hazırlıqsız şəkildə həmin anda daxilən duyduğun kimi həm yaratma, həm də ifa etmə sənəti.
Opus (lat.) – “Əsər” mənasında işlənir. Bəzi bəstəkarlar əsərlərinin bəstələnmə ya da yayımlanma sırasını bildirmək üçün “Op.” qısaltması və əsərin sıra nömrəsindən istifadə edirlər.
Polka – Bohema (sərsəri həyat keçirən ziyalılar) mənşəli, iti templi rəqs.
Primadonna (ital.) – Tərcümədə “Birinci Qadın” mənasına gəlir (“prima”, “donna”). Operalarda baş qadın ifaçılara verilən ad.
Soprano – Ən uca qadın və ya uşaq səsi.
Xylophone – Ksilofon. Müxtəlif uzunluqda taxta lövhələrdən ibarət zərb musiqi aləti.
Scherzo (alm.) – “Zarafat” mənasını verir. Beethovendən bu yana menuetin yerini alan bölüm. Müəyyən formalı, təkrarlanan ritmik fiqura əsaslanır. Menuetdə olduğu kimi “əks xarakterli” asta bir hissəsi (üç hissəli) var.


Çimərlik mikroskop altında


     Siz insanı necə təsəvvür edirsiniz – dəhşətlərdən və möcüzələrdən mütəəssir olan passiv varlıq kimi, yoxsa onun da, bunun da mənasını axtarmağa qabil bir xilqət kimi?
     Xahiş edirəm inanasınız: bədənin eybəcərliyinə və hər cür eybəcərliyə baxıb, sizin kimi mən də əzab-əziyyət çəkirəm. Yalnız vurğunluq hesabına nicat tapıram.


     Çimərlikdə sizin ürəyinizi bulandıran odur ki, oradakılar Venera və Apollon deyillər, elə siz özünüz də Herakl deyilsiniz. Mən isə buna birtəhər dözürəm, təkcə ona görə ki, hər bir ot, hər bir insan tükü mənim üçün bir sənət əsəridir, onlarda necə gözəllik olduğunu yaxşı bilirəm, mən onlara mikroskop altında baxmışam... Astar üzünə çevrilmiş mənzərələri, yəqin ki, sizdən çox görmüşəm. Görmüşəm ki, tez-tez qarşılaşdığım xəstəlik və ölüm də bir gözəllikdir. 
     Nə üçün?..
     Kamillik planlaşdırılırmı? Yox, Təbiət bizim ahəngdarlığımızı planlaşdırmayıb. Deyəsən, buna onun nə imkanı olub, nə də vaxtı. O bizi ancaq yaşamaq üçün zəruri olan şeylə təmin edib...
     Bizim hər birimiz Təbiətin nəsə bir eksperimentiyik. Hər kəs nəsil artırmalıdır, buna görə də onun yaşamaq hüququ var. Qədimdə nə sağlamlıq nəzərə alınırdı, nə ştamplanmış uzunömürlülük, nə basmaqəlib mənəviyyat, nə standart gözəllik, nə dahilik. Lazım idi ki, adamların çoxusu uşaq istehsalı dövründə nisbətən sağlam olsunlar; lazım idi ki, onların bir hissəsi sabit surətdə nikbin olsunlar, yoxsa tezliklə hamı, aclıqdan da olmasa, dərd-qəmdən ölüb gedərdi; lazım idi ki, uzunömürlülük az adama nəsib olsun, yəni cins ancaq qocalardan ibarət olmasın, lakin onu yaddaşsızlıq və rəhbərlikdə yelbeyinlik bəlası da çulğamasın; lazım idi ki, həmin cinsin filan qədərinə yalan deməyi bacarmayan heç olmasa iki nəfər və özünü fəda etməyə bir nəfər adam düşsün; lazım idi ki, yeniliklər yaradan və şüurları alovlandıran dahilər mümkün qədər nadir hallarda doğulsunlar və heyvani müqavimətlə qarşılaşsınlar, yoxsa bir-iki yüzillikdən sonra Təbiətin özünün də izi-tozu qalmazdı.
     Gözəllik nə üçündür?
     Darvin cavab verirdi: seçmə üçün. Gözəllik növ və cins əlamətlərinin ən tam və parlaq ifadəsi, bədənin kamilliyi, üstəlik, bülbül cəhcəhini xatırlasaq, yüksək davranış keyfiyyəti deməkdir...
     Görünür, belədir. Amma Darvin özü də əmin deyildi ki, bu cavab tam və qətidir.
     “Gözəllik dünyanı xilas edəcək” (Dostoyevski), əlbəttə, o vaxt ki, dünya da Gözəlliyi xilas etmək istəsin.
     Qocalıq – ruhun gözəlliyidir, mən ondan ulu bir gözəllik tanımıram.

     Təbiət özünükamillişdirmənin hərəkətverici amilidir. Hərəkətverici amili eşşəyin qabağına qoyulan yerkökü ilə yox, eşşəyə arxadan endirilən qamçı ilə müqayisə etmək olar.
©  Vladimir Levi     

Tuesday, July 29, 2014

2 M qanunu: Maler, Mendelson



Alma almaya bənzər...


     Bu yazımızın qəhrəmanları özlərini Beethovenə “oxşatmağa” çalışan iki böyük bəstəkardır: Maler və Mendelson. Yazının məğzinə keçməzdən öncə Beethovendən təsirlənən və öz yaradıcılığında ona istinad edən məşhur bəstəkarların qeyri-rəsmi siyahısını təqdim etmək istərdim. “Beethovenə oxşamaq” tendensiyası haqqında doğru-düzgün təsəvvürə malik olmaq üçün elə təkcə romantizmin ilkin mərhələsindən impressionizmə, ekspressionizmə qədər olan zaman kəsiyində Şubert, Şuman, Mendelson, Berlioz, Brams, List, Maler, Vaqner, Bartokun adını çəkmək yetərlidir.
     Gəlin, elə bu siyahıdanca 2 ad seçib üzərində dayanaq (əlbəttə, seçim artıq edilib, sizə sadəcə izləmək qalır). Müəyyən subyektiv səbəblərdən dolayı seçilən bu 2 adın tamamilə bir-birinə zidd xüsusiyyətləri əsasında “2 M” qanununu özünüz yozun...
     Beləliklə, buyurun oxuyun.

Qustav Maler (1860-1911)


      Maler bütün həyatı boyu beynindən çıxmayan bir fikrə mübtəla olub: 20-ci əsrin Beethoveni olmaq. Onun davranış və xasiyyətində “Beethovenvari” nələrsə vardı: eynəyinin şüşəsi arxasında gözləri fanatik alovla alışıb-yanardı, son dərəcə səliqəsiz geyinərdi, uzun, gur saçları isə mütləq pırtlaşıq olurdu. Ömrü boyu qeyri-adi şəkildə fikri dağınıq, adamyovuşmaz olub, qızdrımalı yaxud əsəbi, ürəkkeçməli adam kimi həmişə insanlardan və ekipajdan uzaq qaçıb. Onun heyrətamiz şəkildə özünə düşmən qazanmaq istedadı barədə əfsanələr dolaşır. Malerdən hamının zəhləsi gedirdi: opera primadonnalarından tutmuş səhnə işçilərinə qədər. O, orkestrə mərhəmətsizcəsinə əzab verirdi və hətta özü dirijor pultunun arxasında 16 saata qədər dayana bilirdi. Əzazil şəkildə hamını və hər kəsi danlayıb, abrını ətəyinə bükürdü... Qəribə və konvulsiv dirijorluq tərzinə görə onu “dirijor pultunun arxasında qıcolmaya mübtəla olmuş pişik” və “qalvanizasiya edilmiş qurbağa” adlandırırdılar.

Əlahəzrətin buyruğu

     Bir dəfə Malerin yanına bir qadın müğənni gələrək Vyana opera səhnəsində ifa etmək tələbini irəli sürür. Və ilk növbədə əlindəki kağızı maestroya uzadır... Bu, əlahəzrətdən gələn “ali məsləhət” idi – imperatorun özü solist qadını teatra qəbul etmək barədə Malerə təkid edirdi.
Məktubu diqqətlə oxuyan Maler tələsmədən onu parça-parça cırır, royalın arxasına əyləşir və nəzakətlə iddiaçı qadına təklif edir:
-          Beləliklə, xanım, indi zəhmət olmasa, oxuyun!
Qadının ifasına qulaq asaraq, deyir:
-          Görürsünüzmü, hörmətli xanım, hətta imperator Frans-İosifin şəxsiyyətinizə ən böyük hüsn-rəğbəti belə, sizi səsə malik olmaq zərurətindən xilas etmir...
Bunu eşidəndən sonra Frans-İosif operanın direktoru üçün böyük bir mərəkə çıxarır. Ancaq əlbəttə ki, şəxsən yox, nazirinin vasitəsilə.
-          O, oxuyacaq! – deyə amiranə şəkildə nazir Malerə çatdırır,  – imperator belə istədi.
-          Yaxşı, - deyə Maler əsəbi şəkildə müğənnini geri çağırır, - o zaman mən də afişalarda belə yazılmasını tələb edirəm:
“Əlahəzrətin buyruğu ilə”

Bu, çox sadədir

     Bir dəfə jurnalistlərdən kimsə musiqi yazmağın çətin olub-olmadığı barədə Malerə sual verir.
Maler cavab verir:
-          Yox, cənablar, əksinə, bu, çox sadədir!.. Siz heç bilirsiniz trubanı necə düzəldirlər? Dəlik açırlar və ətrafını mislə örtürlər. Bax belə, elə musiqi əsəri barədə də məsələ təxminən bu cürdür.

Kiçik xəcalət

     19-cu əsrin sonlarında Vyana konservatoriyası vokalistlər üçün müsabiqə keçirir. Müsabiqə komissiyasına sədrlik Qustav Malerə həvalə olunur.
Çox vaxt olduğu kimi əsas mükafatı, az qala, sarayla güclü əlaqələri olan, lakin demək olar, qətiyyən səsi olmayan qadın müğənni qazanacaqmış, lakin qazanmır...
Belə ki, “xəcalət” baş vermir: Maler etiraza qalxaraq sənətə sadiqliyi üstün tutur və belə həvəssiz ifaların yer tutmamasında israr edir. Müsabiqənin qalibi hörmətə layiq, cavan, istedadlı bir qadın müğənni olur.
Daha sonra tanışlardan biri Malerdən soruşur:
-          Doğrudanmı, xanım N.-in müsabiqənin qalibi olmaması həqiqətdir?
Maler ciddi şəkildə cavab verir:
-          Təmiz həqiqətdir! Hətta ershersoq (şahzadə titulu - red.) Ferdinand da daxil olmaqla, bütün saray əhli onun tərəfində idi. Ona qalib olmaq üçün təkcə bir səs çatmadı – öz səsi.

Ənənələr və novatorluq

     Bir dəfə Maler Şönberqin yenilikçi “kamera simfoniyası” məşqlərində iştirak edir. Şönberqin musiqisi yeni hesab olunurdu, bir sözlə, hər şey dissonanslar üzərində qurulmuşdu. Bu isə Malerin “klassikası” üçün səslərin kobud yığını demək idi, kakofoniya... Məşqin sonunda Maler orkestrə tərəf çevrilərək:
-          İndi isə, cənablar, yalvarıram sizə, mənimçün – bu qoca üçün adi bir qamma ifa edin. Yoxsa, gecə rahat yata bilməyəcəm.


     Qustav Maler Vyanada kral opera teatrına 10 il rəhbərlik edib. Həmin illər onun dirijor fəaliyyətinin çiçəklənən dövrü olub. 1907-ci ilin yayında o, Amerikaya yola düşür. Vyana teatrındakı direktor vəzifəsini atmaqla, Maler öz ordenlərini ona məxsus olan kabinetdəki stolun rəfində qoymuşdu...
     Bunları tapıb-aşkarlayanda teatrın əməkdaşları onun öz qiymətli reqaliyalarını təsadüfən, huşsuzluqdan unutduğunu fikirləşir. Və onlar bunu Malerə çatdırmağa tələsirlər.
Okeanın o tərəfindən cavab o qədər də tez gəlmir və kifayət qədər gözlənilməz olur.
“Mən onları öz varisim üçün qoymuşam” – yazmışdı Maler.

Yuxarıdan işarə

     Həyatının axırıncı yayında Malerə ömrünün sonunun yaxınlaşması barədə qorxunc xəbərdarlıq gəlir.
     Bəstəkar Tolbaxda kiçik daxmasında işlədiyi zaman otağa fışıltıyla, səs-küy və qarıltıyla nəsə böyük və qara bir şey soxulur. Maler stolun arxasından atılır  və vahimə içində divara qısılır. Bu, otağın içində qeyzlə dövrə vuran və məşum səslər çıxaran qartal idi. Qartal qeyb olan kimi, birdən divanın altından bir qarğa pırıldayıb uçur, çırpınır və o da həmçinin uçub-gedir.
“Qarğanı təqib edən qartal... Bu, əbəs yerə deyil, yuxarıdan işarədir... Doğrudanmı mən o həminki qarğayam, qartal isə - mənim taleyim?!”, - deyə Maler özünə gələndə karıxmış halda deyir.
     Bu hadisədən bir neçə ay sonra Maler dünyasını dəyişir.


Feliks Mendelson (1809-1847)


     Mendelsonun Beethoven ehtirası Maler qədər olmasa da, hər halda bir çox əsərlərində açıq-aşkar gözə çarpacaq dərəcədədir. Beethovenin bir çox kvartetləri, sonataları və xüsusilə 2-ci simfoniyasındakı final xorunun izlərini Mendelsonun bir çox əsərlərində tapmaq olar. Lakin Mendelson təkcə Beethovenin deyil, həm də Motsartın böyük heyranı olub. Həyatına daha dərindən nəzər saldıqda isə məlum olur ki, onun ən böyük kumiri... Bax olub! Bəli, bəli, İohan Sebastyan Bax! Əslində Mendelsonun xarakterinə nəzər salarkən onda “Beethovenvari” heç nə olmadığı da aydın olur: ifrat dərəcədə ənənəpərəst, sənət qayda-qanunlarına böyük dəqiqliklə riayət edən və hər kəsi bunlara tabe etdirmək üçün əlləşib-vuruşan bir xarakter...
     
     Amma Mendelson haqqında o qədər də neqativ fikirlər səsləndirmək düzgün olmazdı. Sadəcə bir əsərə görə,“Yay gecəsində yuxu”.
     Şekspirin eyniadlı əsəri əsasında yazdığı bu musiqi hamımıza tanışdır. Bu gün evliliyin simvoluna çevrilən məşhur “Toy marşı”nı Mendelson məhz, 17 yaşında bəstələyib.
Mendelsonun fikir dünyasının və kültürəl baxışlarının formalaşmasında dahi alman şairi Götenin böyük rolu olub. Eyni zamanda, müasiri olan Vaqner də ona güclü təsir göstərib. Buna baxmayaraq o, “Bax zehniyyətinin qurbanı” olub, desək, o qədər də mətləbdən yayınmış olmarıq. Dövrün son dərəcə dinamik düşüncə və sənət həyatının müxtəlif cərəyanları içində Mendelsonu “romantiklərin klassikinə” çevirən də, tərəqqisevər bir çevrə daxilində onu “mühafizəkarların lideri” halına gətirən də bu Bax zehniyyəti olub.
     
     Mendelsonun bu vəziyyətini göstərən, fəqət daha az tanınan bir tərəfinə də işıq salaq: o, böyük bir etina və vasvasılıqla öyrətdiyi qaydaların hamısına mütləq riayət edərək hər əsərinə səliqə-sahman vermək üçün ifrat dərəcədə əlləşərdi. Buna görə də üsyankarcasına həmlələr edən Hektor Berlioza heç vaxt anlayış göstərmədi. Sağlam fikrə və baxışlarına zidd görünən hər şeyə düşmən oldu. Çağdaşlarının cürətli hədəflərindən daha çox, ənənələrə bağlı qaldı. Ədəbiyyat və estetika sahəsində yetəri qədər kültürə sahib olan, lakin Bax zehniyyətindən qurtula bilməyən Mendelsonun bəsətəkar kimi yaradıcılığı isə ürəkaçandır. Musiqiçi kimi onda romantik xüsusiyyətlər üstünlük təşkil edir. Məhz bu nöqtədən etibarən Mendelsonun yaradıcılığında Beethovenin xoş, təqdirəlayiq izləri görünməyə başlayır.