Thursday, July 23, 2020

Qarabağ manifesti

         
       Bizim nəsil bu tarixlə böyüdü. Uşaqlığımız bu ürəkağrıdan qrafik məzmunlarla keçdi. O qədər ağlasığmaz görüntülər idi ki bizim üçün bunlar,  bəlkə də heç inanmağımız gəlmirmiş. Sanki başqa bir dövrdən, bizimlə birbaşa əlaqəsi olmayan insanlardan bəhs edirmiş kimi. O yaşda, dünyabaxışımız daha formalaşmamış, tamamilə hazırlıqsız şəkildə bu vəhşiliklərlə qarşı-qarşıya qoyulduq.



    İllər ötdükcə, özümüzü necəsə bu travmatik hadisələrdən uzaq tutmağa çalışdıq. Hətta indi bu sətirləri yazarkən belə, bu faciəvi hadisələrə hələ də məsafəli davrandığımı hiss edirəm. Bu, bizim həzm edə biləcəyimiz yaşantılar deyildi.



    Zamanla biz Qarabağ faciəsini ölkədaxili ictimai-siyasi oyunlarla, səfalət içində yaşayan vətəndaşlarımızın problemləri ilə, milli-mənəvi konfliktlərlə eyni səviyyədə, eyni prizmadan qiymətləndirməyə başladıq. Hətta bunun azərbaycanlı siyasətçilərin propaqanda aləti olduğunu da düşündük zaman-zaman. Müəyyən qismimiz də intibah-maarifçilik ideyalarına sarılıb, humanizmi, sülhü bayraq tutub, şəkillərini belə görmədiyimiz bu 11 000 kvadrat kilometrlik ərazidən bir addım daha uzaqlaşdıq.



   Qarabağ məsələsinin ciddiliyini, təkcə orda yaşayan azərbaycanlıların deyil, həm də tariximizin yer üzündən silinməsinə doğru mənfur bir cəhd olduğunu bəlkə bir çoxumuz hələ də tam anlamıyla dərk etmiş deyilik. Problemin miqyasını - təəssüf ki, çox vaxt sadəlövhcəsinə - təkcə 16 faiz işğal olunmuş torpaq, soyqırım və 1 milyona yaxın məcburi köçkünlə məhdudlaşdırdıq. Emosiyalarımızın miqyasını və mübarizəmizin hədəflərini ona uyğun köklədik.



    Dünyaya açıldıqca isə, milli kimliyimizin şübhə altına alınmasının, tariximizin, mədəniyyətimizin saxtalaşdırılmasının şokunu və ağrısını yaşamağa başladıq. Dinc vətəndaşlarımızın Avropada, ABŞ-da, sivil arenada belə, vəhşiliyə məruz qala biləcəyini görüb dəhşətə gəldik. Əsəblərimiz gərildi. Ancaq Los-Ancelesdə, Brüsseldə baş verənləri qəzəblə izlədiyimiz zaman, gəlin bircə anlıq yenə də bu fotoya baxaq. Hüznlə Xocalıdakı lent yazısını izləyək. Ordakı azərbaycanlıların yaşadığı vəhşəti təsəvvürümüzə gətirə bilirikmi? Bəs indi necə, tariximizin bu qara səhifəsinə pafosdan uzaq, vasitələrsiz, tam səmimiyyətlə qucaq açıb həzm etməyə hazırıqmı?!



    Artıq zamanı gəldi. Varlığımızı təhlükəyə atmaq istəyən, azərbaycanlı kimliyinə bu dərəcədə nifrət və həqarət edən düşmənin gözlərinin içinə açıq gözlə baxmaq zamanıdır.

Yenə də qan töküləcək, yenə də itkilər olacaq... Ağrılı olsa da, bunu belə qəbul etməliyik. Ancaq inanıram ki, gələcək nəsillərimiz nəhayət, sülh və günahsızlıq içində yaşayacaq.



Salam, kədər. Salam, qürur. Salam, Azərbaycan!


No comments:

Post a Comment