“Dahini ən yaxşı anlayan bəlkə yenə dahidir.”
Şopen
Beethovenin qulağı... Öz funksiyasını itirmiş canlı
varlıq...
Bəşəriyyətin ən möhtəşəm musiqilərini yaradan beyin
və bir kar qulaq üzündən həmin musiqini duyub-qavraya bilməyən həmin beyin...
Buna dözə bilmək üçün yalnız Beethoven olmaq lazım
idi, buna yalnız Beethoven kimi əzəmətli xarakter tab gətirə bilərdi.
Ya bəlkə elə Beethoven özü bu dözümün, inadkarlığın
nəticəsi idi?!
Beethovenin qulağı... Və Van Qoqun şəstlə kəsib
atdığı qulaq... Yanlış olan nədir, yerində olmayan nə?! Birini yaradıcılıq dahisi olmağa sürükləyən
qulaq, o birini isə sadəcə məşhur edib. Bu iki qulaq arasındakı fərq sadəcə
bundanmı ibarətdir amma?!
Hələ də ədalətin, düzənin mövcud olduğuna inananlar
var...
Qəribədir, bəşər övladının filogenezi baxımından bir
dahi bizə nə qədər yaxın olursa, ontogenez cəhətdən də həyatı o qədər sirli,
əfsanəvi görünür. Beethoven haqqında düzüb-qoşulan zarafatlar, bir-birindən
maraqlı əhvalatlar, mistika olub-olmadığını müəyyənləşdirməyin çətin olduğu
həyat hekayələri nə qədərdir... Amma bu sirli, müəmmalı həyat yoluna olan maraq
heç vaxt dəyişmir və sanki heç dəyişməyəcək də. Sevgidən doğan maraqla,
həyatının hər dönəmini təfərrüatına qədər incələyib ortaya misilsiz faktlar
çıxaran yorucu elmi araşdırmalar nə qədər çox olsa da, Beethovenə olan sonsuz
maraq və sevgi adiləşmir, əksinə Beethoveni xatırladan hər xırda nüans, kiçik
elmi araşdırma bu münasibəti daha da zənginləşdirir.
Bəlkə bir qadını bu cür sevgi ilə sevmək olardı,
amma seksuallıq xaricində Beethovenə olan sevgim daha mükəmməldir, əvəzedilməzdir.
Beethovenin qulağı... Kaş o “kar” qulaqlar məndə olaydı...
Razıyam, qeyri-ciddi səslənir, amma nəinki sağlam qulaqlarımı, hətta gözlərimi,
burnumu, bütün duyğu orqanlarımı dəyişərdim o qulağa...
Bunlar duyğu manipulyasiyasına hesablanmış
sözlərdir, əlbəttə. Amma Beethoven haqqında başqa necə danışmaq olar ki, ifadə
dozası azlıq etməsin?! Axı Avropa klassik musiqisində klassizm dönəmindən romantizmə
keçid, körpü rolunu Beethoven oynayıb - klassizmə məxsus olan təmkinlilik, emosiyaların
düşüncələrə tabe edilməsi kimi tabuları yıxan Beethoven olub axı...
Böyük Fransa inqilabı... İnsanların böyük inamla
gözlədiyi “gözəl günlərə” dair arzuların puç olduğu daha bir dönəm... Bu xəyal
qırıqlığının ardınca gələn ümidsizlik, pessimizm... Dəyişən tələblər, mənəvi
ehtiyaclar... Düşüncənin gətirdiyi böhranı sarsıtmağa, bəlkə də unutdurmağa
çalışan duyğu partlayışı... Hisslərin bütün çılpaqlığı ilə ifadə edildiyi, cəmiyyətdən
uzaqlaşmış fərdi tənhalıq səhnələrinin, şirin-şirin xəyalların qurulduğu sənət axtarışları...
Təsəlli arxasınca sürünən dözülməz mənəvi ağrılar...
Məhz belə dönəmlərdə Beethoven kimi sarsılmaz
xarakterlər ortaya çıxır, öz əzəməti, nəhəngliyi ilə zamana öz damğasını vurur.
“Moonlight” (“Ay işığı”) sonatası –
bəşəriyyətin himni deyilmi?!
Beethovenin qulağı... Axı o qulaq bəşəriyyətin
harayını, insanların acı hıçqırıqlarını, çağırışlarını eşitməsəydi, necə belə musiqi,
mənəvi zənginlik məhsulu ortaya çıxa bilərdi?!
İndi qulaqları kar edən mənasız çığır-bağırlar,
etiraz iylənən qışqırıqlar niyə getdikcə durmadan artır? Bunları eşidə bilən
qulaq yoxdur bəlkə?! Kimdir “kar”?
Beethoveni anlamaq... Beethoveni anlamaq üçün onun qulağından
başlamaq lazımdı, bəlkə də. O qulaqlar ki, o cür nəhəng şəxsiyyəti
hönkür-hönkür ağlatmışdı...
“Doqquzuncu simfoniya”nın premyerasının sonunda
Beethoven tamaşaçıların atəşli alqışlarını eşitmək üçün arxaya dönür. Amma heç
nə eşitmədiyini anlayıb, hönkür-hönkür ağlayır...
Beethovenin qulağı... Bax, budur həmin o məşhur
qulaq...